Avropa çempionatına yollanacaq Azərbaycan yığmasının heyəti açıqlandı
12.03.2009 - 13:45
Avropa çempionatına yollanacaq Azərbaycan yığmasının heyəti açıqlandı
Martın 31-də Litvanın paytaxtı Vilnüsdə sərbəst, yunan-Roma və qadın güləşi üzrə Avropa çempionatı start götürəcək. 6 gün davam edəcək yarışda Azərbaycan pəhləvanları hər üç növ üzrə təmsil olunacaqlar. Artıq qadın güləşi üzrə milli komandamızın heyəti müəyyənləşib. Apasport.az saytının məlumatına görə, bu haqda lent.az-a yığmamızın baş məşqçisi Nazim Əlicanov məlumat verib.

Onun sözlərinə görə, qitə birinciliyində Avropa çempionu Mariya Stadnik (48 kq), Əminə Abbasova (51 kq), Nadya Qradyuk (55 kq), Sona Əhmədli (59 kq), Olesya Zamula (63 kq), Zümrüd Qurbanhacıyeva (67 kq) və Dina İvanova (72 kq) mübarizə aparacaqlar. Reqlamentə əsasən, qadın güləşçilər aprelin 2-dən mübarizəyə başlayacaqlar. Həmin gün pəhləvanlarımızdan Abbasova, Əhmədli və Qurbanhacıyeva döşək üzərinə çıxacaqlar. Ertəsi gün isə Stadnik, Qradyuk, Zamula və İvanova mübarizəyə qoşulacaq.

Əlicanov ötənilki Avropa çempionatının gümüş mükafatçısı Elvira Mürsəlovanın bir neçə ay öncə burnundan və onurğa sütunundan əməliyyat olunduğunu xatırladıb. Baş məşqçi bildirib ki, yenicə məşqləri bərpa edən Mürsəlova hələ lazımi formaya düşmədiyi üçün Vilnüsə aparılmayıb. Alyona Komarovanı isə iki beynəlxalq turnirdə sınaqdan çıxaran Əlicanov Ukrayna əsilli güləşçinin hazırlıq səviyyəsindən narazı qalıb. Bir ilə yaxındır vətəni Belarusda olan Yuliya Radkeviç də hələ istənilən formada olmadığı üçün qitə birinciliyindən kənarda qalıb.

Baş məşqçi əsas məqsədlərinin ötənilki qitə birinciliyinə nəzərən, daha yaxşı çıxış etməkdən ibarət olduğunu vurğulayıb: “2008-ci ildə Finlandiyanın Tampere şəhərində keçirilmiş Avropa çempionatından qadın güləşçilərimiz 1 qızıl, 1 gümüş medal qazanmışdı. Eyni zamanda, 2 pəhləvanımız 5-ci yeri tutmuşdu. Bu il daha yaxşı nəticə göstərməyə çalışacağıq. Çempionat öncəsi yaxşı hazırlıq keçmişik. Yetirmələrimdən razıyam. İnanıram ki, onlar uğurla çıxış edəcəklər”.
0