Rəşad Sadıqovun komandasından yenə sensasiya - FOTOSESSİYA
14.03.2009 - 11:07
Rəşad Sadıqovun komandasından yenə sensasiya - FOTOSESSİYA
Azərbaycan milli komandasının kapitanı Rəşad Sadıqovun çıxış etdiyi Türkiyənin “Kocaelispor” klubu növbəti dəfə sensasiyaya imza atıb. Apasport.az saytının məlumatına görə, İzmit təmsilçisi “Qalatasaray” üzərində böyükhesablı (5:2) qələbənin ardından, “Fənərbaxça”nı da səfərdə büdrədib. “Şükrü Saracoğlu” stadionunda keçirilən oyun 1:1 hesabı ilə başa çatıb.

Görüşün 2-ci dəqiqəsində Roberto Karlosun vurduğu qol sayəsində üstünlüyə yiyələnən “sarı-lacivərdlilər” qələbə hesabını qorumağı bacarmayıblar. Matçın 87-ci dəqiqəsində “Kocaelispor”un legioneri Julio Sezar tarazlığı bərpa edib və komandasının vacib oyunda 1 xal qazanmasına yardım edib.

Rəşad Sadıqov əsas heyətdə meydançaya çıxıb və 90 dəqiqə mübarizə aparıb. 27 yaşlı müdafiəçimiz yaxşı təsir bağışlayıb.

Məğlubiyyətsiz oyunlar seriyasını 4-ə çatdıran “Kocaelispor” 23 turdan sonra 19 xalla əvvəlki kimi, 17-ci yerdədir. Yalnız “Hacettepe”ni qabaqlayan izmitlilər Superliqada növbəti görüşü martın 21-də evdə “Ankaraspor” qarşı keçirəcəklər. Sadıqov isə bu oyuna qədər milli komandanın Bakıdakı üç günlük təlim-məşq toplanışına qatılacaq və “Ankaraspor”la görüşə özünü yetirəcək.
0