Babək Quliyev: Uğurlarımı Xaqaninin gözü götürmürdü
16.03.2009 - 13:32
Babək Quliyev: Uğurlarımı Xaqaninin gözü götürmürdü
Hakimlikdən kənarlaşdırılan FİFA referisi Babək Quliyevin apasport.az saytına müsahibəsi

- AFFA-nın Hakimlər Komitəsinin bu günkü qərarına əsasən, Anar Niyazovla birgə rəsmən hakimlikdən kənarlaşdırıldınız. Buna münasibətinizi bilmək istərdik.
- Yüz faiz qanunsuz qərardır. Birinci gündən dediyim fikrin üstündə qalıram. Heç bir sübut yoxdur. Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov araşdırma davam edərkən bizi yanına çağırsa da, heç bir dəlil, sübut ortaya qoya bilmədi. Belə olan halda, necə qərar verilə bilər? Sübut varsa, bunu bütün jurnalistlərin qarşısına qoysunlar. Niyə qoyulmur? Mənə deyilir ki, heç bir dəlil yoxdur. Belə olan halda, taleyimizlə necə oynaya bilərlər? Əvvəl də demişdim ki, bütün bunlar təxribatdır.

- Hakimlər Komitəsinin sədri ən yüksək kateqoriyaya malik hakim kimi, sizi dəstəkləyirdi...
- Xaqani Məmmədov 11 il FİFA hakimi olsa da, ömrü boyu 4-cü qrupda yer alıb. Mən isə ötən il, artıq 34 yaşımda 3-cü qrupa yüksəlmişdim. Xaqaninin gözü bunu götürmürdü. Mən bunu bilirdim. Qərarın çıxarılması da fikrimi təsdiqlədi. Dediklərimə, haqqımda çıxarılan qərarın qanunsuz olduğuna 100 faiz əminəm. Bəlkə elə Xaqani Məmmədov Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin adından istifadə edir? Mənə zəng vuran dostlarım da haqqımda çıxarılan qərarla bağlı təəccüb içərisindədirlər. Mənə qarşı çıxanlar heç özləri də bilmirlər ki, nə istəyirlər.

- Məhkəməyə şikayət etmək fikrində idiniz. Bu fikri dəyişməmisiniz ki?
- Hələlik yox. Yeri gəlsə, məhkəməyə də üz tutacağam. Əvvəlcə AFFA prezidenti Rövnəq Abdullayevə müraciət edəcəyəm. Onunla yanaşı, birinci vitse-prezident, millət vəkili Rauf Əliyev və baş katib Elxan Məmmədova da müraciət etməyi planlaşdırıram. AFFA-nın rəhbərliyində yer alan bu şəxslər demokratik insanlardır. Mən onlara tam inanıram. Onlara müraciətimdə xahiş edəcəyəm ki, məsələmizi nə Hakimlər Komitəsi, nə də Peşəkar Futbol Liqası araşdırsın. Məsələnin qanun çərçivəsində araşdırılmasını istəyirəm. Məhkəmə, prokurorluq var. Günahım sübuta yetirilsin, qanun qarşısında cavab verməyə, dustaqxanada yatmağa hazıram. Ancaq günahsız olduğum, əllərində heç bir əsas olmadığı halda, niyə hakimlikdən kənarlaşdırılmalıyam?

- Adınız klublarla işbirliyində, konkret “Qarabağ”dan 15 min dollar rüşvət almaqda hallanır...
- Bilirsiniz, adım lap 50, 100 min dollar almaqda da hallana bilər. Elə Xaqani Məmmədovun haqqında da xoşagəlməz şey deyilə bilər. Ancaq bunu sübut etmək lazımdır.

- Səsiniz olan kaset sizə göstərilib?
- Bizə heç bir şey təqdim olunmayıb. Kaset varsa, bunu hamının qarşısına çıxartsınlar da. Qardaş, sübut varsa, mən biabır olmaq, həbsxanaya getmək istəyirəm. Günahım olmadığı üçün özümə tam arxayınam.

- Hansı müddətə hakimlikdən kənarlaşdırıldığınız deyilibmi?
- Yox.

- Təyinata əsasən, İngiltərədə oyun idarə etməlisiniz. Bu, necə olacaq?
- İngiltərədə məsul oyunu idarə edəcəyəm. Apreldə isə başqa səfərim var. Bunlar adımızı, futbolumuzu, hakimliyimizin səviyyəsini yüksəldir. Gəlin tələsməyək. Mən inanıram ki, yaxın günlərdə AFFA rəhbərliyi hər şeyi ayırd edib, haqlı olduğumu təsdiqləyəcək.

- Sizin gizli telefon nömrəsindən istifadə etdiyiniz aşkarlanıb. Bu haqda vaxtında məlumat verməməkdə günahlandırılırsınız...
- Mənim 5 telefon nömrəm da ola bilər. Bunun heç kimə dəxli yoxdur. Bir çoxlarının bir neçə telefon nömrəsi var. Bunun kimə nə dəxli ola bilər? Məgər hansısa qanunda telefon nömrələrinin sayına məhdudiyyət qoyulub? İmkanım, pulum var, nə qədər istəyirəm, o qədər də telefon nömrəsi alıram. Bəlkə mən telefon “xəstəsiyəm? Başqa nömrəmin olması haqda məlumat vermişdim. Telefon nömrəsinə görə günahlandırılmaq düzgün deyil.
0