Rövnəq Abdullayevdən cəzalanan hakimlərə sərt mesaj!
16.03.2009 - 13:45
Rövnəq Abdullayevdən cəzalanan hakimlərə sərt mesaj!
“Biz hakimlərə istənilən şərait yaratmışıq. Onların qonorarlarını artırmışıq, futbol tariximizdə ilk dəfə xaricdə təlim-məşq toplanışı təşkil etmişik. Ancaq son vaxtlar baş verən hadisələr ürəkaçan deyil”. Apasport.az saytının məlumatına görə, bu sözləri AFFA-nın prezidenti Rövnəq Abdullayev keçirdiyi mətbuat konfransında deyib.

Oyun alqı-satqısında ittiham olunan FİFA referiləri Babək Quliyev və Anar Niyazovun məsələsinə münasibət bildirən Rövnəq Abdullayev onların ünvanına kifayət qədər sərt sözlər söyləyib. AFFA rəhbəri vurğulayıb ki, adıçəkilən hakimlərin işi ilə bağlı hətta Baş Prokurorluğa müraciət edəcəkləri istisna deyil: “Hər hansısa hakimdən şübhələnməyimiz belə, onun barəsində qərar çıxarmağımıza kifayətdir. Konkret Babək Quliyev və Anar Niyazovun məsələsinə gəlincə, əlimizdə tutarlı faktlar var. Biz heç vaxt ədalətsiz iş görmərik. Lazım gələrsə, bununla bağlı Baş Prokurorluğa da müraciət edəcəyik”.

Abdullayev martın 28-də dünya çempionatının seçmə mərhələsində keçiriləcək Rusiya - Azərbaycan oyununun biletlərinin satışından da danışıb. O, ölkəmizin Moskvadakı səfirliyinin bilet satışı zamanı pozuntulara yol verməsi xəbərini təkzib edib: “Mən özüm də bunu bir qəzetdə oxudum. Guya Azərbaycanın Moskvadakı səfirliyi bilet alveri edir. Bunlar hamısı yalandır. AFFA səfirliyə 5000 bilet verib və soydaşlarımız biri 5 dollara olmaqla, onları ala bilərlər”.
0