Yığmamızın güləşçisi: Məni burda sevmirlərsə, nə etməliyəm?
17.03.2009 - 11:43
Yığmamızın güləşçisi: Məni burda sevmirlərsə, nə etməliyəm?
“Vətəndaşlığımı dəyişib, Azərbaycan pasportu daşımaq qərarına gələndə, məni Ukraynadan normal buraxdılar. Buna görə də doğma vətənimə - Ukraynaya qayıdanda heç bir narahatçılıq yaşamıram”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycanın qadın güləşi üzrə milli komandasının ukraynalı legioneri Mariya Stadnik deyib.

48 kq çəki dərəcəsində Pekin Olimpiadasının bürünc medalını qazanan pəhləvan Ukrayna mətbuatına verdiyi müsahibədə öz ölkəsində sevilmədiyini söyləyib: “Əgər məni burada, vətənimdə sevmirlərsə, nə etməliyəm? Burada mənə görə, necə deyərlər, kimsə ağlamır. Bununla belə, mən heç vaxt öz vətənimdən imtina etmərəm və Ukraynanı özümünkü hesab edirəm”.

Stadnik Pekin Yay Olimpiya Oyunlarına da toxunub. O, həmin yarışın startında kanadalı Karol Hyuna məğlub olduğundan, təsəlliverici mərhələyə qatılaraq, 3-cü yeri tutmuşdu. Gənc pəhləvan Hyundan qisasını ötən ay Kiyevdə keçirilən beynəlxalq turnirdə alıb: “Mən ona Pekində qalib gəlməli idim. Fikrimcə, Hyunla görüş olimpiadada debütümə təsadüf etdiyi üçün uduzdum. Yəqin ki, həyəcanımı boğa bilməmişdim. İkinci və ya üçüncü mərhələdə qarşılaşsaydıq, Karol üzərində mütləq qələbə qazanardım”.

Eyni zamanda, legioner paytaxtımızda ona yaradılan şəraitdən də razılığını bildirib: “İndi həm Azərbaycanda, həm də Ukraynada yaşayıram. Olimpiadadan sonra daha çox Lvovdakı evimdə oldum. Təlim-məşq toplanışları zamanı müntəzəm olaraq, Bakıya gedirəm. Orada mənim evim var. Bakıda özümü çox rahat hiss edirəm”.
0