Azərbaycan yığması Rusiya ilə oyuna belə hazırlaşır – FOTOSESSİYA
18.03.2009 - 17:47
Azərbaycan yığması Rusiya ilə oyuna belə hazırlaşır – FOTOSESSİYA
Rusiya ilə oyuna hazırlaşan futbol üzrə Azərbaycan milli komandası bu gün mətbuat üçün açıq məşq keçirib. Apasport.az saytının məlumatına görə, açıq məşq AFFA-nın həyətində yerləşən futbol akademiyasının süni örtüklü meydançasında baş tutub.

Məşq üçün akademiyanın süni örtüklü meydançasının seçilməsi heç də təsadüfi deyil. Məsələ burasındadır ki, martın 28-nə təyin olunan Rusiya - Azərbaycan görüşü Moskvanın süni örtüklü “Lujniki” stadionunda gerçəkləşəcək.

Açıq məşqə gəlincə, yığma üzvləri əvvəlcə toplu çalışmalar ediblər. Daha sonra baş məşqçi Foqts futbolçuları meydançanın ortasına yığaraq, öz tapşırıqlarını verib. “Yaşıllar”a və “qırmızılar”a bölünən milli komanda ikitərəfli oyunla məşqi yekunlaşdırıb. Məşqi jurnalistlər, yeniyetmə futbolçular, azarkeşlərlə yanaşı, AFFA rəsmiləri, o cümlədən baş katib Elxan Məmmədov da izləyib.

Onu da bildirək ki, milli komandanın təlim-məşq toplanışı sabah başa çatacaq. Rusiya ilə oyun öncəsi son hazırlıq prosesi isə martın 23-də start götürəcək.
0