“Prezident Kuboku” reqatasının iştirakçıları və proqramı müəyyənləşdi
19.03.2009 - 13:57
“Prezident Kuboku” reqatasının iştirakçıları və proqramı müəyyənləşdi
Martın 23-də Mingəçevir şəhərindəki “Kür” Təlim-Tədris Mərkəzində start götürəcək kişilər və qadınlar arasında akademik, kayak və kanoe qayıqlarında avarçəkmə üzrə beynəlxalq “Prezident Kuboku” reqatasının iştirakçıları və proqramı müəyyənləşib. Azərbaycan Milli Avarçəkmə Federasiyasının (AMAF) mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, qarşıdakı turnir yeniyetmələr (U-18) və gənclər (U-23) arasında keçiriləcək. 1995-1997-ci il təvəllüdlü avarçəkənlər isə reqatada müsabiqədənkənar çıxış edəcəklər.

Ardıcıl ikinci il Gənclər və İdman Nazirliyi ilə AMAF-ın birgə təşkil etdiyi yarışda Azərbaycan və Gürcüstan yığmaları mübarizə aparacaqlar. Turnir Beynəlxalq Avarçəkmə Federasiyası (FİSA) və Beynəlxalq Kanoe Federasiyasının (İCF) qaydalarına uyğun aparılacaq. Akademik avarçəkənlər 2000 metr məsafəyə yürüşdə qüvvələrini sınayacaqlar. Onlar 1 nəfərlik (1x), eləcə də 2 nəfərlik qoşa (2x) və 2 nəfərlik təkavarlı (2-) qayıqlarda yarışacaqlar.

Kayak və kanoeçilər isə 1 nəfərlik və 2 nəfərlik qayıqlarla (K-1, K-2, C-1, C-2) 200 metr, 500 metr və 1000 metr məsafələri qət edəcəklər. Turnirin proqramına əsasən, 23-24 martda akademik avarçəkənlər, 25-26 martda isə kayak və kanoeçilər mübarizə aparacaqlar.
0