Nizami Paşayev: Gümüş və bürünc medal mənə yaraşmır
19.03.2009 - 16:20
Nizami Paşayev: Gümüş və bürünc medal mənə yaraşmır
Azərbaycanın ən güclü ağırlıqqaldıranı Nizami Paşayev apreldə Rumıniyada təşkil olunacaq Avropa çempionatına yollanmamasının səbəbini açıqlayıb. 27 yaşlı idmançı apasport.az saytına bildirib ki, qarşıdakı yarışdan kənarda qalması zədə amili ilə bağlıdır.

“Pekin Olimpiadasında çiyin nahiyəmdən zədə almışdım. Avropa çempionatına gedə bilməməyim məhz bununla əlaqədardır. Hazırda müalicə alıram” - deyə 94 kq çəki dərəcəsində ikiqat dünya çempionu vurğulayıb.

Həmçinin, Nizami qitə çempionatında qızıl medal qazandıqdan sonra digər əyarlı mükafatlara sahib çıxmağı özü üçün münasib saymayıb: “Mən bir neçə il öncə Avropa çempionu olmuşam. İndi zədə ucbatından analoji yarışda ikinci və ya üçüncü yerə çıxa bilərdim ki, bu da qızıl medal qazanmış atlet üçün yaxşı hal deyil. Bu il əsas məqsədim noyabrda keçiriləcək dünya çempionatında birinci pilləyə yüksəlməkdir”.

Qeyd edək ki, Rumıniyaya yollanacaq ağır atletika yığmamızın heyətinə Nizami Paşayevlə yanaşı, dünya çempionatının bürünc mükafatçısı Turan Mirzəyevin də adı daxil olunmayıb.
0