“Gürcüstanda avarçəkmə Azərbaycandan zəif inkişaf edir”
25.03.2009 - 15:39
“Gürcüstanda avarçəkmə Azərbaycandan zəif inkişaf edir”
Gürcüstanın akademik avarçəkmə üzrə milli komandasının baş məşqçisi: “Azərbaycanda hər şey yüksək səviyyədədir”

Mingəçevir şəhərində keçirilən beynəlxalq “Prezident Kuboku” reqatasında Gürcüstan avarçəkənləri də iştirak edirlər. Gürcüstan idmançıları Azərbaycanda təşkil olunan yarışlara müntəzəm qatılırlar. Amma ilk baxışdan, qonşu ölkədə avarçəkmənin vəziyyətinin Azərbaycanla müqayisədə aşağı səviyyədə olması diqqətdən yayınmır. Bunu Gürcüstanın akademik avarçəkmə üzrə milli komandasının baş məşqçisi Dmitri Lolua da Azərbaycan Milli Avarçəkmə Federasiyasının rəsmi internet saytına (www.amaf.az) müsahibəsində təsdiqlədi:

- Beynəlxalq “Prezident Kuboku” reqatasında iştirak Gürcüstan milli komandası üçün hansı əhəmiyyətə malikdir?
- Bu, həm Gürcüstan, həm də Azərbaycan milliləri üçün yeni mövsümdə ilk turnirdir. İstərdik ki, idmançılarımızın qarşıdakı mötəbər yarışlara hazırlıq səviyyəsi ilə yaxından tanış olaq, yetirmələrimizi Azərbaycan avarçəkənləri ilə müqayisə edək. Bu baxımdan, beynəlxalq “Prezident Kuboku” reqatasını çox böyük əhəmiyyətə malik yarış sayıram. Artıq 3-cü ildir ki, Mİngəçevirə gələrək, burada keçirilən turnirlərdə müntəzəm iştirak edirik.

- Təşkilati işlərdən razısınızmı?
- Burada bizi çox yaxşı qarşılayırlar. Azərbaycan tərəfi üçün mümkün olan hər cür imkanları bizə də yaradırlar. Şəraitimiz yaxşıdır. Qayıqlar və avarlarla təchiz olunuruq. Hər şey yüksək səviyyədədir. Heç bir iradımız ola bilməz.

- Gürcüstanda avarçəkmənin vəziyyəti necədir?
- Azərbaycanla müqayisədə, Gürcüstanda avarçəkmə bir qədər zəif inkişaf edir. Maliyyə imkanlarımız aşağıdır. Federasiyamızın prezidenti Bejan Xurtsidi siyasətçidir, Gürcüstan parlamentinin deputatıdır. Maliyyələşmənin 95 faizi dövlət hesabına aparılır. Vəsaitin miqdarı da çox azdır. Digər növlərlə müqayisədə avarçəkməyə xeyli az pul ayrılır.

- Bəs komandanız dünya çempionatlarında necə çıxış edir?
- Adətən, hər il avarçəkənlərimiz gənclər arasında dünya çempionatında 2 nəfərlik qayıqda II finala (7 – 12-ci yerlər uğrunda) vəsiqə qazana bilirlər. 1 nəfərlik qayıqda isə ən yüksək nəticəmiz 13-cü yer olub. Bu nəticələr bizi o qədər də qane etmir. Böyüklər arasında keçirilən dünya çempionatında isə avarçəkənlərimiz daha zəifdirlər.

- Gələcəkdə hansı yarışlarda iştirakınız nəzərdə tutulub?
- Mayda Poti şəhərində Gürcüstan çempionatı keçiriləcək. Yarışa Azərbaycan komandasını da dəvət edəcəyik.

- Ümumiyyətlə, Potidə məşq şəraiti necədir?
- Potidə çox yaxşı məşq şəraiti var. Suyu, təbiəti normaldır. Suyu axar, yox, dayanıqlı olduğundan, vaxtilə məktəblilər arasında çempionat və aşağı yaşlıların SSRİ birinciliyi keçirilib.

- Hazırkı “Prezident Kuboku” reqatasında neçə idmançınız iştirak edir?
- Bura 12 akademik avarçəkənlə gəlmişik. Onlardan 8-i yeniyetmələr (U-18), 4-cü isə gənclərdən ibarət (U-23) yığmalarımızın üzvləridir. Avarçəkənlərimiz 1 nəfərlik və 2 nəfərlik qayıqlarda mübarizə aparacaqlar.
0