İlk gündə bir dəst medal
31.03.2009 - 21:11
İlk gündə bir dəst medal
Bu gün Litvanın paytaxtı Vilnüsdə sərbəst, yunan-Roma və qadın güləşi üzrə Avropa çempionatı start götürüb. Apasport.az saytının məlumatına görə, ilk gündə sərbəst güləşçilər 4 çəkidə mübarizəyə qoşulublar. Həmvətənlərimiz yarışa uğurlu start götürüblər. Belə ki, ilk gündə dörd idmançımızdan üçü fəxri kürsüyə yüksəlib. Yığmamızın heyətində Əli İsayev qızıl, Cəbrayıl Həsənov gümüş, Novruz Temrezov isə bürünc medala sahib çıxıb.


55 kq
Çempionatın startı Azərbaycan yığması üçün yaxşı alınıb. 55 kq çəki dərəcəsində yarışan Yaşar Əliyev fransalı Lokman Kaplanbabanı məğlub edib. Həmvətənimiz 1/4 finalda yerli idmançı Vitas Çumakovla qüvvəsini sınayıb. Uğurlu çıxışını davam etdirən Yaşar çətinliklə də olsa, Çumakovu üstələyib - 1:0; 0:3; 2:0. Əliyev finala vəsiqə uğrunda Besarion Soçaşvili (Gürcüstan) ilə görüşüb. Ancaq Yaşar uduzaraq, bu vəzifənin öhdəsindən gələ bilməyib. Bürünc medal qazanmaq üçün təmsilçimiz Vladislav Andreyevi (Belarus) məğlub etməlidir. Amma bu vəzifənin öhdəsindən gələ bilməyən Əliyev yarışı medalsız başa vurub.

66 kq
Bu çəkidə yarışan Cəbrayıl Həsənov (66 kq) ilk mərhələdə Vitaliyus Tavqenə (Litva) aşkar üstünlüklə qalib gəlib: 9:0; 6:0. Daha sonra o, 1/4 finalda macarıstanlı Gerqo Vollerlə güləşib və onu da mübarizədən kənarlaşdırb. Həsənov yarımfinalda gürcü Malxaz Muziaşvili ilə qarşılaşıb. Bu dəfə də hər iki hissədə yaxşı təsir bağışlayan Cəbrayıl inamlı qələbə sayəsində həlledici görüşə yüksəlib. Güləşçimiz finalda Andrey Stadniklə (Ukrayna) üz-üzə gəlib. Amma həlledici mücadilədə rəqibinə yenilən Həsənov ilk dəfə qatıldığı yarışı gümüş medalla başa vurub.

84 kq
Bu gün döşək üzərinə çıxan digər həmvətənimiz Novruz Temrezov (84 kq) da startda qələbə qazanıb. Armandis Zvirbulisi (Latviya) məğlub edən güləşçimiz növbəti mərhələdə rus Soslan Ktsoyevlə mübarizə aparıb. Lakin bu mərhələdə Novruz məğlubiyyətlə barışıb. O, rəqibinə hər iki hissədə uduzub (0:2; 1:2). Bununla belə, Temrezovun bəxti gətirib. Ktsoyev finala çıxdığı üçün Novruz təsəlliverici mərhələyə qatılmaq şansına yiyələnib. Bu mərhələdə o, Adrian Rekorianla (Rumıniya) üz-üzə gələcək. Bu görüşü qələbəylə başa vuran Novruz bürünc medal uğrunda bolqarıstanlı Miroslav Qeşevlə qurşaq tutub. Rəqibinə aman verməyən Temrezov qələbə sayəsində üçüncü dəfə Avropa çempionatının bürünc medalçısı olub

120 kq
Ən ağır çəkili təmsilçimiz Əli İsayevə (120 kq) gəlincə, o, İonnis Arzumanidisi (Yunanıstan) məğlub edib. İsayev növbəti mərhələdə belaruslu Ruslan Şeyxaunu sınağa çəkib. Yığmamızın dağıstanlı legioneri rəqibinə asanlıqla qalib gəlib: 3:0; 1:0. Yarımfinalda türkiyəli Kara Recepi də üstələyən Əli finala çıxıb. Həlledici görüş isə kifayət qədər prinsipial keçəcək. Çünki finalda İsayevin rəqibi Ermənistan idmançısı Ruslan Basiyev olacaq. İsayev gərgin döyüşdə rəqibini məğlub edərək, qızıl medal qazanmaqla yanaşı, Avropa çempionu tituluna sahib çıxır.
0