Avropa çempionatında Azərbaycan fırtınası
01.04.2009 - 20:40
Avropa çempionatında Azərbaycan fırtınası
Azərbaycanın sərbəst güləş yığmasının daha 3 üzvü Litvanın paytaxtı Vilnüsdə təşkil olunan Avropa çempionatının qızıl medalını qazanıb. Apasport.az saytının məlumatına görə, bu dəfə fəxri kürsüyə Zəlimxan Hüseynov, Çamsulvara Çamsulvarayev və Xetaq Qazyumov yüksəlib.

60 kq
Öncə Aleksandros Pilavidisi (Yunanıstan) məğlub edən Zəlimxan Hüseynov növbəti mərhələdə George Bukura (Rumıniya) qalıb gəlib. Təmsilçimiz yarımfinalda gürcü Malxaz Kurdianini (Gürcüstan) də üstələyib. Avropa çempionu titulunu qazanmaq üçün Zəlimxan Rusiya pəhləvanı Adam Batırovla (Rusiya) görüşüb. Bu mərhələdə də rəqibini məğlub edən Hüseynov qızıl medala sahib çıxıb.

74 kq
Çamsulvara Çamsulvarayev isə 1/8 finalda Luka Lampis (Fransa) üzərində qələbə qazanıb. Onun növbəti “qurban”ı almaniyalı Andrey Şiyka olub. Çamsulvarayev yarımfinalda Kiril Terziyevlə (Bolqarıstan) qüvvəsini sınayıb və görüşdən qalib ayrılıb. Güləşçimiz finalda türk Firat Binici ilə üz-üzə gəlib və onu məğlub edərək, Avropa çempionu tituluna yiyələnib.

96 kq
Bu çəkidə yığmamızın digər legioneri Xetaq Qazyumov fərqlənib. O, ardıcıllıqla Daniel Liget (Macarıstan), Sərhat Balçın (Türkiyə) və Nikolay Çebanı (Moldova) üzərində qələbə qazanıb. Çox güclü təsir bağışlayan Qazyumov fəxri kürsünün ən yüksək pilləsinə qalxmaq üçün finalda Georgi Ketoyevlə (Rusiya) qarşılaşıb. Burada rus rəqibini məğlub edən Qazyumov da qızıl medal əldə edib.

Beləlikə, Azərbaycanın sərbəst güləşçiləri qitə birinciliyində 6 medal qazanıblar. Zəlimxan Hüseynov, Çamsulvara Çamsulvarayev və Xetaq Qazyumovdan bir gün öncə Əli İsayev (120 kq) da çempion olub. Cəbrayıl Həsənov (66 kq) ikinci, Novruz Temrezov (84 kq) isə üçüncü yeri tutub.
0