Azərbaycan yığması Fransada təlim-məşq toplanışı keçəcək
01.04.2009 - 16:10
Azərbaycan yığması Fransada təlim-məşq toplanışı keçəcək
Zaqatala Olimpiya Kompleksində təşkil olunan cüdo üzrə beynəlxalq təlim-məşq toplanışı başa çatıb. Bu haqda apasport.az saytına məlumat verən Azərbaycan milli komandasının baş məşqçisi Ağayar Axundzadənin sözlərinə görə, hazırlıq prosesində 6 yığma iştirak edib. Təlim-məşq toplanışında Azərbaycanla yanaşı, Fransa, Sloveniya, Estoniya, Rusiya və Norveç cüdoçuları birgə hazırlaşıblar.

10 gün davam edən prosesə 90 idmançı qatılıb. Milli komandamızdan yalnız olimpiya çempionu Elnur Məmmədli təlim-məşqdə olmayıb. Ağayar Axundzadə bildirib ki, Pekin Olimpiadasının qalibi zədə ucbatından hazırlıqdan kənarda qalıb: “Elnurun yüngül zədəsi var. Bu səbəbdən o, yığmanın düşərgəsinə gələ bilməmişdi. Ümumiyyətlə, Zaqatalada bizə çox yaxşı şərait yaratmışdılar. Biz həmişə orada 5-10 cüdoçu ilə hazırlaşırdıq. Budəfəki toplanış isə effektiv oldu”.

Zaqataladakı təlim-məşq toplanışı aprelin 24-dən 26-dək Gürcüstanın paytaxtı Tiflisdə keçiriləcək Avropa çempionatına hazırlıq xarakteri daşıyıb. Axundzadə vurğulayıb ki, iyunda milli komandamız analoji toplanış prosesi üçün Fransaya yollanacaq. Yığmamız bu ölkədə dünya çempionatına hazırlaşacaq.

Onu da qeyd edək ki, Zaqatalada təlim-məşq toplanışı ilə yanaşı, hakimlər üçün seminar keçirilib.
0