Azərbaycan yığması beynəlxalq turnirdə birinci yeri tutdu
01.04.2009 - 19:01
Azərbaycan yığması beynəlxalq turnirdə birinci yeri tutdu
Bakıda keçirilən boks üzrə “Böyük İpək Yolu” beynəlxalq turnirdə bu gün final görüşləri keçirilib. Apasport.az saytının məlumatına görə, Bakı İdman Sarayında baş tutan yarışın həlledici görüşlərində Azərbaycan idmançıları 7 qızıl medala yiyələniblər.

48 kq
Boksçularımızdan ilk qızıl medalı Elvin Məmişzadə qazanıb. O, Qazaxıstan təmsilçisi Adlet Kapezovu məğlub edib. İlk iki raundda rəqibinə bata bilməyən Elvin yalnız üçüncü raundun son saniyələrində aşkar üstünlüyə yiyələnib. Nəticədə həmvətənimiz 14:12 hesabı ilə qalib gəlib.

51 kq
Azərbaycan və Qazaxıstan boksçularının növbəti “duel”i də birincilərin qələbəsi ilə başa çatıb. Nihad Seyidov çətinlik çəkmədən Anuarbek Baizhanovu döyüb - 9:3.

54 kq
Fevralın 5-də Azərbaycan çempionatının finalında üz-üzə gələn Samir Məmmədov və Rəhim Nəcəfov bu dəfə “Böyük İpək Yolu” turnirinin həlledici görüşündə qüvvələrini sınayıblar. Bu boksçuların döyüşü yenə də gərgin idman mübarizəsi şəraitində keçib. İlk raundda hər boksçu 3 dəqiq zərbə vurub. Növbəti raundlarda isə Pekin Olimpiadasının iştirakçısı Samir Məmmədov zəif təsir bağışlayıb. O, yekunda 9:11 hesabı ilə uduzub. Beləliklə, Rəhim Nəcəfov milli çempionatdakı məğlubiyyətin əvəzini çıxıb.

57 kq
Belarus boksçusu Xavazi Xatsunov rusiyalı Denislam Şabanova 4:1 hesabı ilə qalib gələrək, fəxri kürsünün ən yüksək qalxıb.

60 kq
Həmvətənimiz Ruslan Qasımov Yerzhan Mussafirovla (Qazaxıstan) döyüşə zəif başlayıb. Nəticədə o, ilk fasiləyə 1:4 hesablı məğlubiyyətlə yollanıb. İkinci raundda isə Ruslan rəqibinə göz açmağa imkan verməyib. Dörd dəqiq zərbə boskçumuzu hesabda önə keçirib - 5:4. Qasımov son raundda da üstünlüyü qoruyaraq, 8:5 hesablı qələbə qazanıb.

64 kq
Bu çəkidə hər iki finalçı Azərbaycan təmsilçisi idi: Ramal Amanov və Sadiq Eynullayev. Gərgin döyüşdə Ramal rəqibini məğlub edərək (6:4), qızıl medala layiq görülüb.

69 kq
Turnirdə 6-cı qızıl medalı yığmamıza Emil Məhərrəmov qazandırıb. O, texniki qələbə sayəsində çempion tituluna yiyələnib. Belə ki, Emilin rəqibi türkiyəli Önder Sipal finalda döyüşməkdən imtina edib. Bu səbəbdən Məhərrəmov avtomatik olaraq, qalib elan edilib.

75 kq
Nəhayət, Qazaxıstan milli komandası ilk qızıl medala sahib çıxıb. Adilbek Niyazumbetov həmvətənimiz Rahib Bəylərov böyük üstünlüklə qalib gəlib. Rəqibinə bir o qədər də ciddi müqavimət göstərə bilməyən Rahib 2:9 hesabı ilə uduzub.

81 kq
Bu çəkidə də Azərbaycan idmançısı ikinci yerlə kifayətlənib. Hafiz İsgəndərov belaruslu Ramazan Maqamedovla bacarmayıb. Halbuki, ilk raundu məhz Hafiz üstün başa vurmuşdu. Lakin Maqamedov növbəti iki raundda daha yaxşı döyüşərək, çətinliklə də olsa, qələbə qazanıb - 4:1.

91 kq
Elçin Əlizadə (Azərbaycan) və Vassili Levit (Qazaxıstan) arasındakı görüş 4:4 hesabı ilə qurtarıb. Hakimlər daha fəal döyüşən Elçini qalib elan ediblər. Bununla da, yığmamızın qazandığı qızıl medalların sayı 8-ə çatıb.

+91 kq
Ən ağır çəkidə təmsilçimiz Asim İsgəndərov qazaxıstanlı İvan Diçkoya məğlub olub - 0:12.

Beynəlxalq turnirin yekununa əsasən, Azərbaycan yığması komanda hesabında birinci yeri tutub. Qazaxıstan ikinci, Belarus üçüncü pillədə qərarlaşıb.
0