Xetaq Qazyumov: Azərbaycan Rusiyanı nə vaxt qabaqlayıb ki!?
02.04.2009 - 12:30
Xetaq Qazyumov: Azərbaycan Rusiyanı nə vaxt qabaqlayıb ki!?
“Finalda görüşdüyüm Rusiya təmsilçisi Georgi Ketoyev məni əldən saldı”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan sərbəst güləş yığmasının üzvü Xetaq Qazyumov (96 kq) deyib.

Latviyada keçirilən Avropa çempionatında qızıl medala yiyələnən Qazyumov Rusiya Güləş Federasiyanın saytına açıqlamasında final görüşü barədə danışıb. O, rusiyalı Georgi Ketoyevlə həlledici qarşılaşmanın çətin keçdiyini gizlətməyib: “Georgi çəki dərəcəsini bu yaxınlarda dəyişib. Fiziki cəhətdən hazırlıqlı olduğundan, onu 96 kq-da heç bir güləşçi ilə eyniləşdirmək olmaz. Amma onun sürəti aşağıdır. Mən finalda bu amildən yararlandım. Bir dəfə qalib gəldinsə, deməli, alınır”.

Xetaq yığmamızın komanda hesabında Rusiyanı qabaqlamasına təəccüblənib: “Azərbaycan milli komandası qitə birinciliyində möhtəşəm çıxış etdi. Komanda hesabında nə vaxt Azərbaycan Rusiyanı qabaqlayıb ki!?”

Qeyd edək ki, Qazyumovla yanaşı, 3 güləşçimiz - Zəlimxan Hüseynov (60 kq), Çamsulvara Çamsulvarayev (74 kq) və Əli İsayev (120 kq) çempion tituluna sahib çıxıb. Cəbrayıl Həsənov (66 kq) gümüş, Novruz Temrezov (84 kq) isə bürünc medal qazanıb. Azərbaycan komanda hesabında birinci yeri tutub.
0