Maqomedxan Aratsilov: 3 qızıl qazanacağımıza əmin idim, amma 4 qızıl medal mənim üçün xoş sürpriz oldu
02.04.2009 - 15:17
Maqomedxan Aratsilov: 3 qızıl qazanacağımıza əmin idim, amma 4 qızıl medal mənim üçün xoş sürpriz oldu
“Avropa çempionatında 3 qızıl medal qazanacağımıza əmin idim, amma 4 qızıl medal mənim üçün xoş sürpriz oldu”. apasport.az saytının məlumatına görə, bunu lent.az-a açıqlamasında sərbəst güləş üzrə Azərbaycan milli komandasının baş məşqçisi Maqomedxan Aratsilov deyib.

Onun sözlərinə görə, Litvanın paytaxtı Vilnüsdə keçirilən Avropa çempionatında ölkəmizin ümumi hesabda I yeri tutması həddən artıq sevindirici nailiyyətdir: “4 qızıl medalın üzərinə 1 gümüş və 1 bürüncü də əlavə etsək, o zaman necə yüksək göstəriciyə nail olduğumuzu görərik. Komanda hesabında birinci olduq. Bu, bizi həddən artıq sevindirir”.

Dağıstanlı mütəxəssis bildirib ki, yığmamız martın 8-də əldə etdiyi Dünya Kubokundan sonra güləşçilərimizin yorğunluq probleminin olmaması üçün xüsusi plan əsasında işləyib. Bu isə Avropa çempionatında öz bəhrəsini verib. Güləşçilərin Avropa çempionatına əla formada yollandıqlarını deyən baş məşqçi onların çıxışından razılıq ifadə edib: “Bizim pəhləvanlarımız həqiqətən də əsl qəhrəmandırlar. Komandamızın çıxışından çox razıyam. Düzdür, 5 qızıl da ola bilərdi, amma Novruz Temrezovun (84 kq) Rusiya idmançısı ilə görüşündə hakimlərin bir yanlış qərarı bunun reallaşmasına imkan vermədi. Eyni zamanda Cəbrayıl Həsənov (66 kq) ukraynalı rəqibinə qalib gəlməyə çox yaxın idi. Məni sevindirən yığmamızda Cəbrayıl və Yaşar kimi gənclərin yetişməsidir. Qələbə münasibətilə bütün Azərbaycan xalqını təbrik edirəm və bizə azarkeşlik edənlərin hər birinə öz dərin təşəkkürümü bildirirəm”.
0