Azərbaycanlı atlet 1 kq-ın güdazına getdi
08.04.2009 - 10:01
Azərbaycanlı atlet 1 kq-ın güdazına getdi
Rumıniyanın paytaxtı Buxarestdə keçirilən ağır atletika üzrə Avropa çempionatında Azərbaycan yığması növbəti medal qazanmaq şansını əldən buraxıb. Apasport.az saytının məlumatına görə, bu dəfə Əfqan Bayramov (69 kq) mükafatçılar sırasına düşə bilərdi. Lakin 26 yaşlı idmançımız 329 kq (147 kq + 182 kq) qaldıraraq, 4-cü yerlə kifayətlənib.

O, 3-cü pillədə qərarlaşan rusiyalı Vladislav Lukanindən cəmi 1 kq az qaldırıb. Halbuki, həm Bayramov, həm də Lukanin birdən qaldırmada 147 kq-ın öhdəsindən gəliblər. Təkanla qaldırmada isə Əfqan rəqibini özündən irəli buraxıb. Hər iki atletin təkanla qaldırmada son cəhdləri uğursuz olub. Ancaq Lukanin yekunda bürünc medala layiq görülüb. Əgər Əfqanla Vladislavın göstəricisi eyni olsaydı, həmyerlimiz çəkisi az olduğu (Bayramovda 68,46 kq, Lukanində isə 68,75 kq) üçün 3-cü yeri tutacaqdı.

Eyni çəkidə mübarizə aparan Sərdar Həsənov 303 kq qaldırmaqla (138 kq + 165 kq), 8-ci sırada qalıb. Bu gün Namiq Cəmilov (77 kq), sabah İntiqam Zairov (85 kq), aprelin 10-da isə Rövşən Fətullayevla Əlibəy Səmədov (hər ikisi 94 kq) qüvvəsini sınayacaq.

Qeyd edək ki, artıq milli komandamızın hesabında bir medal var. 62 kq çəki dərəcəsində Zülfüqar Süleymanov Avropa çempionatının gümüş medalını qazanıb.
0