Yığmamızın Avropa çempionatında ikinci “gümüş”ü
10.04.2009 - 09:35
Yığmamızın Avropa çempionatında ikinci “gümüş”ü
Ağır atletika üzrə Azərbaycan milli komandası Avropa çempionatında daha bir medal qazanıb. Apasport.az saytının məlumatına görə, Rumıniyanın paytaxtı Buxarestdə keçirilən yarışda İntiqam Zairov (85 kq) ikinci yeri tutub.

24 yaşlı həmvətənimiz birdən qaldırmada 168 kq, təkanla isə 200 kq-ın öhdəsindən gəlib. İntiqamın qızıl medal qazanmaq üçün da yaxşı şansı olub. Lakin onun əsas rəqibi Aleksey Yufkin (Rusiya) yalnız son cəhddə bunun qarşısını alıb. Nəticədə 368 kq-lıq göstəriciyə malik Zairov rəqibindən cəmi 1 kq az qaldıraraq, gümüş medala layiq görülüb.

Beləliklə, milli komandamız hesabına ikinci medalı yazdırıb. Zairovla yanaşı, Zülfüqar Süleymanov (62 kq) da qitə çempionatında ikinci pillədə qərarlaşıb. Digər təmsilçilərimiz - Əfqan Bayramov və Sərdar Həsənov (hər ikisi 69 kq) müvafiq olaraq, 4-cü və 8-ci, Namiq Cəmilov (77 kq) isə 4-cü yeri tutub.

Bu gün yığmamızın son üzvləri Rövşən Fətullayevla Əlibəy Səmədov (hər ikisi 94 kq) öz bacarıqlarını nümayiş etdirəcəklər.
0