İqor Ponomaryov: İndi mən başqa roldayam
10.04.2009 - 17:27
İqor Ponomaryov: İndi mən başqa roldayam
“Neftçi”də oynadığım vaxtla indiki dövr arasında fərq böyükdür. Həmin vaxt SSRİ, indi isə Azərbaycan çempionatıdır. İndi mən başqa roldayam”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Xəzər-Lənkəran” klubunun baş məşqçisi İqor Ponomaryov deyib.

Azərbaycan Premyer Liqasının qarşıdakı turu çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda “Neftçi” ilə görüşəcək 49 yaşlı mütəxəssis keçmiş komandası ilə görüşdə yalnız qələbəyə köklənib: “Futbolçu karyeramın böyük hissəsini “Neftçi”də keçirsəm də, bütün bunlar artıq keçmişdə qalıb. Necə deyərlər, bu, bir tarixdir və indi başqa dövrdür. Mən artıq “Xəzər-Lənkəran”ın baş məşqçisiyəm və bu komanda ilə böyük uğurlar qazanmaq istəyirəm. Bu mənada “Neftçi”ni məğlub etmək istəyim böyükdür. Bizi hesabdan silmək olmaz. Hələ çempionluq şansımız qalıb. Nəzərə almaq lazımdır ki, əsas rəqiblərimiz olan “İnter”, “Bakı”, “Simurq”la oyunlarımız qalıb. Bu mənada “Neftçi” ilə qarşıdakı sınaqda bizə qalib gəlmək vacibdir. Bakıya qələbə dalınca gələcəyik”.

Lənkəranda hazırlığına başa vurmaqda olan komanda sabah Bakıya yollanacaq. “Neftçi” ilə oyunda üç xala iddialı Ponomaryov bu vəzifəni yerinə yetirməyi heç də asan iş saymır. Olimpiya çempionunun fikrincə, keçmiş komandasının turnir cədvəlində aşağı yerdə olması hələ heç nə demək deyil: “Neftçi” də Premyer Liqamızda çıxış edən güclü klublardan biridir. Hesab edirəm ki, “Neftçi” Hans-Yurgen Gedenin gedişindən sonra yaxşılığa doğru dəyişib. İndi komanda daha təmkinli, psixoloji planda hazırlıqlıdır, yaxşı oyun göstərir. Sözsüz ki, bu irəliləyişdə baş məşqçi Böyükağa Ağayevin əməyi böyükdür. O, təcrübəsi böyük, işini bilən mütəxəssisdir. “Neftçi” hazırkı mövqeyinə baxmayaraq, “Xəzər-Lənkəran”la görüşə böyük motivasiya, qələbə qazanmaq üçün çıxacaq. Bu komandalar arasında oyun həmişə derbi xarakteri daşıdığından, maraq böyükdür. Hələ İsveçdə yaşadığım zamanı “Neftçi” – “Xəzər-Lənkəran” derbisi haqda eşidirdim və ilk dəfə onun iştirakçısı olacağam. Fikrimcə, biz oyunda ilk növbədə qarşımızda duran vəzifəni yerinə yetirmək haqda düşünməliyik. Bu isə növbəti qələbəni qazanmaqdır”.
0