“Olimpik”in şərtləri, Mahir Şükürovun fintləri
10.04.2009 - 17:36
“Olimpik”in şərtləri, Mahir Şükürovun fintləri
“Olimpik” rəhbərliyi “Bakı” ilə təkrar oynamaq üçün təxminən 52 min cür şərt irəli sürüb. “Yol əhvalatı” filmində Qurban dayının dediyi kimi, bu, “balaca bir spisokdur”. Məsələyə böyük həssaslıqla yanaşan “Olimpik” rəsmiləri hətta ən incə məqamları nəzərə alaraq, şərtlərdən ibarət “spisok” tərtib ediblər. Çoxları öz paxıllıqlarını gizlədə bilməyərək, “Olimpik”in şərtlərinə istehza edirlər. Əcəba, onlar başa düşmürlərmi ki, Əsgər Abdullayevin komandası peşəkarlıq yönündə böyük addımlarla irəli gedir və məqsəd 2009-cu ilin payızında Çempionlar Liqasının qrup mərhələsində minimum birinci pilləni tutmaqdır? Nə isə, belələrinə baş qoşmayaq. Guya bunlar futbolu “Olimpik”in prezidenti Rəsul Rəsulovdan yaxşı bilirlər? Yer-göy bir-birinə qarışsa da, inanmaram.

Mətləbdən uzaqlaşmayaq və dərhal keçək “Olimpik”in şərtlərinə. Deməli, “Bakı” ilə oyunun yenidən təşkil olunması üçün “Olimpik” aşağıdakı şərtləri irəli sürür:

- təkrar matç mütləq topsuz keçirilməlidir;
- “Bakı”nın qapıçısı əllə, digər futbolçuları isə ayaqla oynaya bilməz;
- görüşdə qapılardan istifadə edilməməlidir;
- oyunda baş hakim funksiyası Mahir Şükürova tapşırılmalıdır;
- qarşılaşma zamanı oyun keçirilən stadionunun üstündən bir quş belə uçmamalıdır, əks təqdirdə gözünə quş sataşan “Olimpik” futbolçuları dərhal meydançanı tərk edəcəklər;
- oyun günü havanın temperaturu +17, küləyin sürəti 1 s / 3 m, rütubət 60 faiz, atmosfer təzyiqi 720 mm c.st. olmalıdır;
- Günəş Yer kürəsini 45 dərəcə bucaq altında şüalandırmalıdır;
- “Şəfa” stadionunun yaxınlığındakı zavod və fabriklər 1 həftəliyə atmosferə zəhərli hava buraxmamalıdır;
- bütün dünya əhalisinə siqaret çəkmək qadağan olunmalıdır;
- maliyyə böhranının qarşısı dərhal alınmalıdır;
- bir daha cinayət törədilməməli, qan axıdılmamalı, insanlar “can” deyib, “can” eşitməlidirlər;
- Bakı Metropolitenində basabas aradan götürülməlidir;
- İsrail Fələstinin müstəqilliyini tanımalıdır;
- Üsamə bin Laden könüllü şəkildə ABŞ-a təslim olmalıdır və s.


Hələ 1-2 xırda-xuruş şərti yazmadım. Görəsən, “Bakı” nədən qorxur? Axı, bu şərtləri yerinə yetirməyə nə var ki? Göründüyü kimi, “Olimpik”in cüzi şərtləri müqabilində, “Bakı” acizdir. Çünki “Olimpik” bu oyunun oynayanıdır. Əsgər Abdullayev bu oyunun yaradıcılarını axtarmaq məqsədilə dəfələrlə dünya turnesinə çıxıb. Bəli, heç kim “Olimpik”in qarşısında dura bilməz. “Fair play” “Bakı”nın əlində bir bəhanədir.

Həyatda təsadüf yoxdur, hər şey zərurətdir. Bütün təsadüflər zərurətdən doğur və ya həyat təsadüflərlə doludur. Belə məsələlərdə qızğın mübahisəyə girişən filosofları, mövhumatçıları, astroloqları Əsgər Abdullayevlə tanışlığa dəvət edirik. Gəlsinlər və bilsinlər ki, Əsgər bəy 2005-ci ildə “Bakı”da çalışarkən də “Qalmaqallar kralı” titulunun şəksiz lideri olmuşdu. O, “Bakı” - “Xəzər-Lənkəran”, həmçinin “Turan” - “Bakı” oyununda diqqət mərkəzinə düşmüş, bir anın içində məşhurlaşmışdı. Həmin hadisəni eşidərək qulaqlarına inana bilməyən Aleks Ferqyusson ölkəmizə təxirəsalınmaz səfər edərək, Abdullayevlə tanış olmaq istəmişdi. Fabio Kapello isə Əsgər müəllimdən avtoqraf almaq üçün Bakıya gələ bilmədiyindən, hələ də özünü bağışlaya bilmir.

Mahir Şükürovdan çoxdan şübhələnirdim. Onun sağ və sol ayaqlarını saatda 100 km sürəti ilə fırladaraq, driblinq işlətməsi böyük məna daşıyır. Martın 28-də Rusiya yığmasına qarşı matçda Yuri Jirkovla eyni cinahda mübarizə aparan Mahir rəqib futbolçunun kələyini kəsdiyini bildirirdi: “Mən meydanda Jirkovdan çox qaçdım”. Bax, yenə də günah “Bakı” rəsmilərindədir. Baş məşqçi Qyoko Hacıyevski məhz bu açıqlamanı analiz etməli, kimyəvi laboratoriyalarda sınaqdan keçirməli idi. Şükürovun “Bakı” ilə oyundan qabaqkı işlətdiyi ifadələrə fikir verməmək məşqçinin naşılığından xəbər verir. Yoxsa, Hacıyevski günlərlə “Olimpik”in taktikasını analiz edərək, vaxtını lazımsız yerə xərcləyirdi. “Olimpik”in nə vaxt əməlli-başlı taktikası olub ki!? “Olimpik”in taktikası Mahir Şükürovdur. Əsgər Abdullayevin “gizli silahı” Mahir Şükürovdur. “Fair play” qaydalarını pozub, dünyanın ən biabırçı qollarından birinin assistenti də Mahir Şükürovdur.

Yaxşı olardı ki, “Bakı” rəhbərliyi bu mübahisələrdən əl çəksin. Onsuz da haqq-ədalət öz yerini tutacaq! Əgər hansısa klub analoqu olmayan yollarla xal qazanıb, Avropaya yol açmaq istəyirsə, qoy, öz işində olsun! Həmin komanda yerində sayır! Quyuya su tökməklə, quyu dolmaz ki!
0