Avropa çempionatında son təmsilçimiz medalsız qaldı
11.04.2009 - 11:34
Avropa çempionatında son təmsilçimiz medalsız qaldı
Ağır atletika üzrə Azərbaycan milli komandası Avropa çempionatında çıxışını başa vurub. Apasport.az saytının məlumatına görə, Rumıniyanın paytaxtı Buxarestdə keçirilən yarışa qatılan son təmsilçilərimiz Rövşən Fətullayevlə Əlibəy Səmədov 94 kq çəki dərəcəsində öz bacarıqlarını nümayiş etdirməli idi.

Lakin idmançılarımızdan yalnız biri yarışa qatılıb. Birdən qaldırmada 161 kq-ın öhdəsindən gələn Fətullayev yalnız 6-cı yerlə kifayətlənib. Təkanla qaldırmaqda isə 205 kq-ı ram edən Rövşən həm bu növdə, həm də ümumi nəticədə (365 kq) dördüncü olub. Təmsilçimiz hər iki növdə üçüncü cəhddə uğursuzluğa üzülüb. Həmyerlimiz bürünc medal qazanan rusiyalı Andrey Demanovdan 14 kq geri qalıb. Rusiyalı isə 380 kq (170+210) nəticə ilə almaniyalı Yurgen Şpiss və yunanıstanlı Nikos Kurtidisdən geri qalıb. Onlar müvafiq olaraq 390 kq (178+210) və 385 kq (175+210) nəticəyə imza atıblar.

Beləliklə, milli komandamız yarışı iki gümüş medalla başa vurub. İntiqam Zairovla (85 kq) və Zülfüqar Süleymanov (62 kq) da qitə çempionatında ikinci pilləni tutublar. Digər təmsilçilərimiz - Əfqan Bayramov və Sərdar Həsənov (hər ikisi 69 kq) müvafiq olaraq, 4-cü və 8-ci, Namiq Cəmilov (77 kq) ilə Rövşən Fətullayev (94 kq) hər ikisi 4-cü yeri tutub.

Qeyd edək ki, Avropa çempionatına sabah yekun vurulacaq.
0