“Karvan”, sən bunu da gördün...
13.04.2009 - 10:27
“Karvan”, sən bunu da gördün...
“Karvan” tarixində ən böyük uğursuzluğu yaşayıb. Apasport.az saytının hesablamalarına görə, yayda 5 yaşını qeyd edəcək Yevlax təmsilçisi yarandığı gündən indiyədək ən böyük məğlubiyyətini Tovuzda alıb. Azərbaycan Premyer Liqasının XXI turunda “Turan”ın qonağı olan “Karvan” darmadağınla üzləşib – 4:0.

Düzdür, yevlaxlılar indiyə kimi böyük hesabla uduzsalar da, bu, ən pis halda, üç top fərqli (0:3) məğlubiyyətlər olub. “Turan” bu qələbə sayəsində həm Premyer Liqada qalmağa imkan verən 12-ci pilləyə yüksəlib, həm də rəqibindən ötən mövsümkü məğlubiyyətinin əvəzini çıxıb. Məsələ ondadır ki, “Karvan” keçən mövsüm Tovuzda elə 4 top fərqi ilə qələbə qazanmışdı (5:1).

İndiyədək “Turan”a 4 qol vurmaqla qalib gələn (4:3 və 4:2) Yevlax təmsilçisi bu dəfə özü bu qədər top buraxdı. Maliyyə problemləri üzündən ağır günlərini yaşayan “Karvan” Tovuzda artıq ikinci zərbəni alıb. 2005/06 mövsümündə sona iki tur qalmış çempionluğun bir addımlığında olan Yunis Hüseynovun komandası “Turan”la səfər oyununda qolsuz heç-heçə etdi. Bununla da “Bakı”ya çata bilməyən “Karvan” sonda rəqibinin çempionluğu ilə barışmalı oldu. Həmin mövsüm axırıncı turda “Şəfa” stadionunda “Olimpik” üzərində qazanılan qələbə (5:0) təsəllidən başqa bir şey deyildi. Yeri gəlmişkən, bu, “Karvan”ın tarixində ən böyük hesablı qələbədir.

Yarandığı vaxtdan sonra ilk iki mövsümdə bürünc və gümüş medal qazanan, ölkə kubokunun finalçısı olan, UEFA kubokunda ilk və hələ ki yeganə mərhələ adlayan komandamız olan “Karvan” ilk dövrəni 5-ci yerdə bitirmişdi. “Turan”a məğlubiyyətdən sonra 10-cu pilləyə düşən yevlaxlılar ötən mövsümkü uğursuzluğu təkrarlamayacaqları ilə təsəlli tapa bilər. Belə ki, Hüseynovun komandası 2007/08 mövsümünü 23 xalla 11-ci yerdə bitirmişdi. İndi hesabında 26 xal olan “Karvan”ın sona 5 tur qalmış mövsümü ən azı 10-cu yerdə başa vuracağını indidən demək olar. Düzdür, komandanın ən yaxın izləyiciləri, hesablarında 11 xal olan “Muğan”la “Turan”ın nəzəri cəhətdən “Karvan”a çatmaq şansı qalıb. Ancaq Salyan və Tovuz təmsilçisinin qalan 5 oyunun hamısında qələbə qazanacağı real görünmür. Premyer Liqamızın əsasnaməsində edilən dəyişikliyə görə, artıq 11 və 12-ci yeri tutanlar da güclülər dəstəsində qalırlar. Bu isə o deməkdir ki, “Karvan” Premyer Liqada yerini qoruyacağı artıq rəsmiləşib. Yevlax klubunun növbəti mövsümdə də güclülər dəstəsində oynayacağı artıq özündən, yəni dağılıb-dağılmayacağından asılıdır.
0