“Xəzər-Lənkəran”ın və İqor Ponomaryovun problemi
13.04.2009 - 11:25
“Xəzər-Lənkəran”ın və İqor Ponomaryovun problemi
“Xəzər-Lənkəran” klubunun Tofiq Bəhramov adına Respublika stadionu ilə bağlı sindromu var. Apasport.az saytının məlumatına görə, Lənkəran təmsilçisi bu arenada qələbə qazanmaqda çətinlik çəkir.

Azərbaycan Premyer Liqasının son turunda “Neftçi” ilə Respublika stadionunda keçirdiyi prinsipial oyunda uduzan (1:2) “Xəzər-Lənkəran” cari mövsümdə bu arenada qələbə qazana bilmədi. Cənublular ölkənin baş arenasında “Neftçi”nin şəriki olan “Bakı” ilə hər iki görüşü heç-heçə başa vurdu. Bunlar Premyer Liqa (0:0) və ölkə kubokunun cavab 1/4 final görüşü (2:2) oldu.

“Xəzər-Lənkəran” “Neftçi” ilə indiyədək beş səfər oyununun hamısını Respublika stadionunda keçirib və yalnız ötən mövsüm qalib gəlib (1:0). Qalan 4 görüşdən üçü flaqmanın qələbəsi ilə, bir matç heç-heçə nəticələnib. Lənkəran təmsilçisi “Bakı” ilə yanaşı, bir ara ev oyunlarını mərkəzi arenada keçirən “İnter”lə görüşlərdə də qələbə üzünə həsrət qalıb. Belə ki, “Xəzər-Lənkəran”a çempionatda bu iki paytaxt təmsilçisini Respublika stadionunda məğlub etmək nəsib olmayıb. Yeganə istisna ölkə kubokuna təsadüf edir ki, cənub klubu 2007/08 mövsümünün 1/4 finalında “Bakı”nı bu arenada yenə bilib – 2:0.

“Xəzər-Lənkəran” öz stadionunda UEFA tərəfindən qəbul olunmadığı üçün avrokuboklarda ev oyunlarını Respublika stadionunda keçirməli olub. Bu görüşlərdə də uğursuzluq sindromu özünü göstərib. Lənkəranlılar UEFA kubokunda Moldovanın “Nistru” (1:3) və Polşanın “Lex” (0:1) klublarına uduzub, Çempionlar Liqasında Zaqreb “Dinamo”su ilə heç-heçə edib (1:1).

Maraqlıdır ki, “Xəzər-Lənkəran”ın baş məşqçisi İqor Ponomaryovun da Respublika stadionunda qələbə qazanmaqla bağlı problemi var. Özü də komandasından fərqli, 49 yaşlı olimpiya çempionu milli çempionatımızda bu arenada hələ də qələbə üzünə həsrət qalıb. Ponomaryov Respublika stadionunda “Bakı” və “Neftçi” ilə görüşlərin uzatma dəqiqələrində buraxılan qollarla ağır zərbə aldı. Belə ki, “Bakı”nın müdafiəçisi Saşa Yunisoğlunun vurduğu qol “Xəzər-Lənkəran”ı ölkə kubokunda mübarizədən kənarlaşdırdığı halda, “Neftçi”nin türkiyəli hücumçusu Əli Cansun çempionluq yolunda böyük maneə yaratdı.

Ponomaryov 2004/05 mövsümündə “Qarabağ”ı çalışdırdığı vaxtda da Respublika stadionunda qalib gəlməyib. Bunlar “Neftçi” və “Bakı” ilə yanaşı, “İnter”lə görüşdə də qeydə alınıb. Ponomaryovun baş məşqçi kimi mərkəzi arenada yeganə qələbəsi milli komandanı çalışdırdığı vaxtda baş verib. Bu, 2000-ci ilin iyununda Slovakiya yığmasını 2:0 hesabı ilə yendiyimiz rəsmi oyunda olub. Həmin görüşdə vurduğu qollarla Ponomaryova qələbə qazandırmış Zaur Tağızadə ilə Vadim Vasilyev “Neftçi” ilə “Xəzər-Lənkəran” arasında son derbi oyunun iştirakçısı idilər. Tağızadə oyunda hesabı açmaqla, bu dəfə keçmiş baş məşqçisini məyus etdi. Vasilyev isə Ponomaryovun “Xəzər-Lənkəran”da köməkçisi kimi karyerasının ən yaxşı illərini keçirdiyi “Neftçi”nin qələbəsinə şahid oldu. “Xəzər-Lənkəran”la Ponomaryovun cari mövsümdə Respublika stadionunda oyunu qalmadığından, sindrom ən azı növbəti mövsümə kimi davam edəcək.

Qeyd edək ki, 2:1 “Neftçi” - “Xəzər-Lənkəran” oyunlarında ən populyar hesabdır. İndiyə kimi keçirilən 11 görüşdən 4-ə bu hesabla nəticələnib. Həmin 4 qələbədən üçü “Neftçi”, biri “Xəzər-Lənkəran”ın payına düşür.
0