Ağasəlim Mircavadov “Xəzər-Lənkəran”ın şansını dəyərləndirdi
13.04.2009 - 12:44
Ağasəlim Mircavadov “Xəzər-Lənkəran”ın şansını dəyərləndirdi
“Gərginliyi ilə yadda qalan “Neftçi” - “Xəzər-Lənkəran” matçı azarkeşlərə xoş təsir bağışladı. Meydan sahibləri yaxşı oynadığı halda, qonaqlar nədənsə meydanda ağır görünürdülər”. Bu fikirləri apasport.az saytına açıqlamasında Azərbaycan milli komandasının sabiq baş məşqçisi Ağasəlim Mircavadov deyib.

62 yaşlı mütəxəssis vaxtilə çalışdırdığı və çempionluq qazandırdığı “Neftçi” ilə “Xəzər-Lənkəran” arasında son görüşü Tofiq Bəhramov adına Respublika stadionundan izləyib. Mircavadovun fikrincə, Lənkəran təmsilçisi həmin gün özünə bənzəmirdi: “Xüsusilə, müdafiə və orta sahədə lənglik diqqəti cəlb edirdi. Bunun səbəbini bilmək üçün gərək komandanın daxilində olasan. “Xəzər-Lənkəran”ın cinahları yox dərəcəsində idi. Rahid Əmirquliyevlə Rəşad Abdullayev ikinci hissədə meydana çıxandan sonra cinahlarda canlanma hiss olundu. “Neftçi”nin isə cinahlardan oyunu yaxşı, hücumları kəsərli alınırdı və qələbədə bunların böyük rolu oldu. Fikir verdinizsə, komanda hər iki qolu cinahlardan ötürmədən sonra vurdu. Xüsusilə, Dmitri Kruqlovla Zaur Tağızadənin qeyd edə bilərəm. “Neftçi”nin bu cinah futbolçuları çox ağıllı oynadılar”.

Bakılıların qələbəsini layiqli hesab edən təcrübəli mütəxəssis “Xəzər-Lənkəran”ın oyunda vurduğu yeganə qolun müəllifi olan türkiyəli hücumçu Əhməd Dursunun qaçırdığı şansa toxunub: “Hər halda, nəzərə alaq ki, hesab 1:1 olarkən, Dursun özü üçün yaratdığı əla qol imkanından yararlansaydı, oyun və nəticə başqa cür ola bilərdi. Bilirsiniz, indiki halda liderlər xal ehtiyatına çox fikir verirlər. Əslində, çempionluq, mükafatlar uğrunda mübarizəni nəzərə alsaq, bu, başa düşüləndir. Ancaq digər tərəfdən, bu, oyunun məzmununa təsir göstərir, onun mahiyyətini itirir. “Neftçi” isə sakit halda öz oyununu oynadı və meydanı qalib tərk etdi. Razıyam ki, komandanın rəqibindən fərqli, turnir cədvəli baxımından gərginliyinin olmamağının da təsiri oldu. İstənilən halda, “Neftçi” imicinə görə oynadı və nüfuzunu qorudu”.

Mircavadov bildirib ki, sona 5 tur qalmış artıq lider “İnter”dən 9 xal geridə qalan “Xəzər-Lənkəran”ın çempionluq şansı çox azdır: “Bu məğlubiyyətlə lənkəranlıların çempionluq işini çox çətinləşdirdi. Amma bununla belə, ruhdan düşməyib, sonadək oynamaq lazımdır. Hər halda, “Xəzər-Lənkəran”ın “İnter”, “Bakı” və “Simurq”la oyunları qalıb. Elə növbəti turda “Xəzər-Lənkəran” – “Bakı”, “İnter” – “Neftçi” görüşləri keçiriləcək. Futbolda mübarizə zamanı yalnız idman prinsipləri olmalıdır. “Neftçi”nin də qələbəsi bu idman prinsipinin nəticəsi idi. Stadion amilinə gəlincə, bu, meydana çıxan hər iki komanda üçün eynidir”.

Mircavadov “Xəzər-Lənkəran”da sələfi olan İqor Ponomaryov SSRİ dönəmində “Neftçi”də rəhbərliyi altında oynayıb, 1988-ci ildə olimpiya çempionu olub. Mövsümün ortasında Lənkəran təmsilçisinin sükanı arxasına keçən 49 yaşlı mütəxəssis üçün ölkə kuboku əldən getdi, çempionluq şansı da çox azdır.

Mircavadov 21 il öncə SSRİ yığmasına tövsiyə etdiyi yetirməsinə indiki çətin vəziyyətində məsləhət vermək məsələsinə münasibət bildirib: “Mən Ponomaryova tövsiyə verə bilmərəm, onun özü maraqlanmalıdır. Ponomaryova və “Xəzər-Lənkəran”a uğurlar arzulayıram. Klub, azarkeşlər buna layiqdirlər, yaradılan şərait nəticə qazanmağa sövq edir. Mən SSRİ dövründə hətta baş məşqçi işləyəndə, lazım gələndə məsləhət alır, telefonla zəng edirdim. Fikrimcə, bunda qəbahət yoxdur. Əsas məsələ münasibətin olmağındadır ki, bu baxımdan aramızda problem yoxdur. Ponomaryov qayıdandan sonra onunla “Şəfa” stadionunda öpüşüb-görüşdük, fikir mübadiləsi apardıq. Təəssüf ki, bizdə pis cəhətlər tez üzə çıxır, nəinki yaxşı. Məsləhət verəndə belə fikir formalaşır ki, işləyə bilmir. Əslində, isə belə deyil”.

Qeyd edək ki, Mircavadov “Neftçi” ilə “Xəzər-Lənkəran” arasından keçirilən 11 derbi oyunun 9-da iştirak edib.
0