“Əhməd “Neftçi”yə qol vuranda sevindim”
13.04.2009 - 15:25
“Əhməd “Neftçi”yə qol vuranda sevindim”
Bakının “Neftçi” klubunun türkiyəli hücumçusu Əli Cansunun apasport.az saytına müsahibəsi

- Azərbaycan Premyer Liqasının axırıncı turunda “Xəzər-Lənkəran”la oyunda sonradan meydana çıxaraq, qələbə topunu vurdunuz və matçın qəhrəmanına çevrildiniz. Bu barədə nə deyə bilərsiniz?
- İlk öncə qazandığımız qələbə münasibətilə bütün komanda yoldaşlarımı təbrik edirəm. Qalib gəlmişiksə, meydanda mübarizə aparan hər kəs qəhrəmandır. Həlledici qolu mənim vurmağıma baxmayaraq, bu qələbədə hamının payı var. Üç xal əldə etdiyimizə görə xoşbəxtik. İndi qarşıda duran 5 oyun haqqında düşünürük.

- İkinci dövrədə artıq ikinci dəfədir ki, görüşün sonuna yaxın meydana çıxıb, qələbə topunu vurursunuz. “Standard”ı 2:1 hesabı ilə məğlub etdiyiniz ev oyununda da belə olmuşdu. Bunlar nəyin nəticəsidir?
- 5, 10 dəqiqə oynasam da, vəzifəm qol vurmaqdır. Hər halda, mən hücumçuyam. Allaha çox şükür ki, qol vurmaq mənə nəsib olur. Ən önəmlisi neçə dəqiqə forma geyinmək yox, əlimizə düşən şansları dəyərləndirməkdir. Peşəkar futbolçu kimi məşqlərdə yaxşı çalışırıq. Bunun da qarşılığını alanda, daha şad oluruq.

- “Neftçi”nin azarkeşləri hələ hesab 1:1 olarkən, “Əli Cansun, Əli Cansun” deyə qışqırırdılar. Yəqin ki, bunu eşidib, mübarizəyə qoşulmaq üçün alışıb-yanırdınız...
- Həqiqətən də “Neftçi”nin azarkeşləri mənə hər oyunda böyük dəstək olurlar. Meydana girməsəm belə, adımı çağırmaları məni sevindirir. Fürsətdən istifadə edib, sizin vasitənizlə “Neftçi”nin azarkeşlərinə dərin təşəkkürümü bildirirəm.

- Hər bir futbolçu daim oynamağı istəyir. Ancaq “Neftçi”də daha çox ehtiyatda qalırsınız. Buna görə ruhdan düşmürsünüz ki?
- Biz peşəkar futbolçularıq və bu işdən pul qazanırıq. Oynamamağımıza görə küssək, həm özümüzə, həm də bizə pul verən insanlara qarşı düzgün hərəkət etməmiş olarıq. Əslində, oynamadığım vaxtda diqqətimi hazırlıq prosesinə yönəldirəm. Bu, məni daha da ruhlandırır.

- Eyni zamanda əvəzləmədən meydana çıxan futbolçu qol vurmaqla, oynamağa layiq olduğunu sübut etmək istəyir. Bununla da baş məşqçisinə bir növ jest edir. Sizdə belə hisslər olur?
- Yox. “Mən qol vurduğum üçün oynamalıyam” deyə düşünmürəm. Bu komandanın 4 hücumçusu var və hamısı da bir-birindən səviyyəlidir. Kim oynasa, məqsəd “Neftçi”ni yaxşı yerlərə qaldırmaqdır. Hər kəs meydana çıxmağa iddialıdır. Fikrimcə, bundan sonra daha çox oynamaq şansı əldə edə bilərəm. Amma qol vurmağım o demək deyil ki, mütləq oynamalıyam.

- “Xəzər-Lənkəran”da bir neçə həmyerliniz çıxış edir. Elə alındı ki, derbidə qapınıza vurulan qolun müəllifi vaxtilə “Beşiktaş”da bir yerdə oynadığınız Əhməd Dursun oldu. Təsadüfən, Əhməd qol vurandan sonra düşünmədiniz ki, niyə keçmiş “Beşiktaş”lı kimi mən də buna cavab olaraq, bir qol vurum?
- Açığı, “Əhməd qol vurdu deyə, mən də qol vurum” fikri ağlımdan keçmədi. Sadəcə, Əhməd kimi mənə də fərqlənmək nəsib oldu. İstənilən oyunda belə uğura nail olmaq istəyirəm. Əhmədlə həm “Beşiktaş”, həm də “Antalyaspor”da bir yerdə oynamışıq. Onun qol vurmasına sevinsəm də, sonda üç xalı qazanmağımıza daha çox məmnun oldum.

- “Xəzər-Lənkəran”dakı həmyerlilərinizlə oyundan sonra görüşə bildiniz?
- Onlarla oyundan sonra deyil, öncə görüşdük. “Xəzər-Lənkəran” ilk dövrədə əsasən Bakıda qaldığı üçün tez-tez bu imkanımız olurdu. Ancaq indi Lənkəranda yaşadıqlarından həmyerlilərimlə görüşmək imkanım azdır. Həmyerlilərimə uğurlar arzulayıram.

- Sizcə, “Neftçi” “Xəzər-Lənkəran” üzərində qazandığı qələbə ilə nəyi sübut etdi?
- Bizi “Xəzər-Lənkəran”ın durumu maraqlandırmır. Bu komanda da çempionluğa oynayır. Güclü olan qalib gəlsin. “Neftçi” düşdüyü vəziyyətdən qurtulmaq istəyən komandadır. Son beş həftədə yaxşı oyun nümayiş etdiririk, daha məğlub olmuruq. “Bakı” ilə matç istisna olmaqla, ikinci dövrədə uduzmamışıq. Qarşımızda duran vəzifə qalan 5 turda qələbə qazanmaqdır. Cari mövsümdə azarkeşlərimizi razı sala bilməsək də, gələcək üçün onlara qələbə sevincləri bəxş etmək istəyirik. Cari mövsüm bizim üçün pis keçdi. Həm ölkə kubokunda, həm də Premyer Liqada mükafatlar uğrunda mübarizədən kənarda qaldıq. Amma bu səhvlərimizdən dərs çıxardıq və inşallah, gələn mövsüm hər iki yarışda qalib olacağıq.

- “Neftçi”də çıxış etdiyin 8 ayda 3 baş məşqçi ilə işlədiniz. Ukraynalı Anatoli Demyanenko, alman Hans-Yurgen Gede və azərbaycanlı Böyükağa Ağayevi müqayisə edəndə hansı fərqləri görürsünüz?
- Gedeni hamımız gördük. O, Azərbaycana gəlib, heç bir iş görmədən getdi. Bu səbəbdən Gede haqda heç danışmaq istəmirəm. Demyanenko ilə qısa müddətdə, cəmi iki həftə çalışdıq. Onun həqiqətən də çox yaxşı insan olduğunu söyləyə bilərəm. Bu iki həftədə Demyanenkonun futbolçularla necə yaxşı davrandığının şahidi oldum. İndiki baş məşqçimiz Böyükağa Ağayev isə ilk növbədə nizam-intizama üstünlük verir. Komandaya yaxşı məşqlər keçir. Bunun da nəticəsidir ki, onun rəhbərliyi altında “Neftçi”nin hələ uduzmayıb. Ağayev çox yaxşı, təcrübəli mütəxəssisdir.

- “Neftçi” - “Xəzər-Lənkəran” oyunundan sonra Türkiyədə insidentlə yadda qalan “Qalatasaray” - “Fənərbaxça” görüşü oldu. Necə hesab edirsiniz, bu iki derbi arasında müqayisə aparmaq olar?
- Təbii ki, Türkiyədə futbolunun səviyyəsi Azərbaycandan üstündür. Orada futbola daha çox sərmayə qoyurlar. Bizim ölkəmizdə futbol oyunlarında böyük ajiotaj, anşlaq olur. Bütün bunları nəzərə alsaq, bu derbiləri müqayisə edə bilmərəm. Hər halda, Azərbaycan futbola yeni-yeni sərmayə qoyan bir ölkədir. Bu səbəbdən buradakı derbilərə gələcəkdə daha çox azarkeş gələcək. Ümid edirəm ki, yeni mövsümdə tribunaları dolu görəcəyik. Çünki biz futbolçular boş tribunalar görəndə fikrimizi cəmləyə bilmirik. İnşallah, tərəfdarlarımız bundan sonra çoxalacaq. Bununla da, Azərbaycandakı derbilər Türkiyədəkilərin səviyyəsinə çatar.

- Türkiyə mətbuatından buradakı çıxışınızla bağlı maraqlanırlarmı, əlaqə saxlayan olurmu?
- Dövrlərarası fasilədə Antalyada təlim-məşq toplanışında olduğumuz zamanı bizə qarşı böyük diqqət vardı. Təxminən 20 qəzetçi və televiziya işçisi reportaj hazırlayırdı. Onların hər birinə verdiyimiz müsahibələrdə “Neftçi”, Azərbaycan futbolu haqda çox yaxşı şeylər söylədik. Onlar qardaş ölkədə baş verənləri diqqətdə saxlayır, inkişafın, qoyulan sərmayələrin hansı səviyyədə olması ilə maraqlanırlar.

- “Neftçi” ilə müqaviləniz nə vaxta qədərdir?
- 2010-cu ilin yayınadək.

- Komandada qalmaq istəyirsinizmi?
- Əlbəttə. Dediyim kimi, müqaviləm gələn il başa çatacaq. Həmin vaxtadək burada qalacağam. Bundan sonra “Neftçi” mənimlə əməkdaşlığı davam etdirmək istərsə, bunu gerçəkləşdirərik. Əks təqdirdə, təklifləri nəzərdən keçirərik.

- Ümumiyyətlə, bu müddətdə sizə təkliflər olubmu?
- Hazırda heç kiminlə danışmıram. “Neftçi” ilə müqaviləm var və ayrılmağı düşünmürəm.

- İlk dövrədə “Neftçi”də bir yerdə çıxış etdiyiniz komanda yoldaşlarınız Rəşad Sadıqovla Levent Kartop Türkiyə Superliqasında “Kocaelispor” klubunda oynayırlar. Onların çıxışını izləyirsinizmi?
- Bəli. Onlarla müntəzəm danışıram. Rəşadla Leventin hazırkı komandalarının Superliqada vəziyyətləri ürəkaçan deyil. Ancaq bu il yaxşı təsir bağışlayırlar. “Kocaelispor” Superliqanın ikinci dövrəsinə damğasını vuran komandadır. İlk dövrədə çox xal yığsaydılar, indi tam fərqli mövqedə ola bilərdilər.

- “Kocaelispor”un son oyunu elə “Beşiktaş”la oldu. Hakim Rəşadın əllə oynadığına görə penalti zərbəsi təyin etdi...
- Bu oyunun icmalını izləyə bildim. Vurulan qolları gördüm. Həmin epizodda bir bəxtsizlik oldu və hakim bunu cərimə kimi dəyərləndirdi. Ancaq əslində, penalti verməyə də bilərdi.

- Rəşad Türkiyənin Superliqasında daha güclü klublarda oynaya bilər?
- Bəli. Rəşad buna qədər Türkiyə Superliqasında çıxış edib, “Kayserispor”da oynayıb. O, Azərbaycan milli komandasının kapitanıdır. Şübhəsiz ki, Sadıqov “Kocaelipor”un ən yaxşı futbolçularından biridir.

- Sonda Türkiyə Superliqasında çempionluqla bağlı proqnozunu bilmək maraqlı olardı.
- Türkiyə çempionatında hər şey ola bilər. Fikrimcə, çempionluq uğrunda mübarizə “Sivasspor”, “Trabzonspor” və “Beşiktaş” arasında gedəcək. Bu üç komandadan biri çempion ola bilər.

- Belə çıxır ki, “Qalatasaray”la “Fənərbaxça”nı artıq çempionluq şanslarının qalmadığını düşünürsünüz?
- Doğrudur. Bu komandalarla ilk üç pillədə gedənlər arasında xal fərqi böyükdür. “Qalatasaray”la “Fənərbaxça”nın rəqiblərinə çatacağını fikirləşmirəm. “Sivasspor”, “Trabzonspor” və “Beşiktaş”ın qalan turlarda bu qədər xal itirəcəyini zənn etmirəm.
0