Gimnastımız Slovakiyadan bürünc medalla qayıtdı
13.04.2009 - 16:11
Gimnastımız Slovakiyadan bürünc medalla qayıtdı
Azərbaycan gimnastı Samirə Mustafayeva Slovakiyada keçirilmiş beynəlxalq turnirdə bürünc medal qazanıb. Gimnastika Federasiyasının mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, idmançımız lentlə hərəkətlərin finalında 23.85 bal toplayaraq, üçüncü nəticəni göstərib.

Digər final yarışlarında – ip və topla hərəkətlərdə Samirəni mükafatdan bir-neçə bal ayırıb və dördüncü yeri tutub. Halqa ilə isə gimnastımız finalçıların səkkizliyini qapayıb. Çoxnövçülüyə gəlincə, o, 92.275 xal toplayaraq 6-cı nəticəni göstərib.

Digər Azərbaycan gimnastı Anna Qurbanova gələn ay Bakıda start götürəcək Avropa çempionatına hazırlıq çərçivəsində Kiyevdə keçirilmiş və Qran-pri seriyasından olan turnirdə mübarizə aparıb. Mütləq birincilik Annaya 96.85 bal və 8-ci yeri qazandırıb. Ən yüksək nəticəni gimnastımız iplə göstərib - o, 24.875 ballla 6-cı olub. Yarışların qalibi adını isə ilin əvvəlindən irimiqyaslı turnirlərdə iştirak etməyən xalça sahibi Anna Bessonova qazanıb. O, gümüş mükafatçı rusiyalı Dariya Kondakovanı 5 xal geridə qoyub. İsrail nümayəndəsi İrina Risenzon 3-cü nəticəni göstərib.

Kiyev turnirinin ardınca Qurbanovanı Portuqaliyanın Portimao şəhərində aprelin 17-19-da Dünya kuboku yarışları gözləyir. Anna burada xalça üzərinə komanda yoldaşı Aliyə Qarayeva ilə çıxacaq. Kubok yarışlarında ölkəmiz böyüklərdən ibarət qrup komandası ilə də təmsil olunacaq. Burada xalça üzərinə Vəfa Hüseynova, Dina Qorina, Anastasiya Prasolova, Valeriya Yeqay, Ceyla Quliyeva və Nigar Mirzəyeva çıxacaqlar. Elə həmin şəhərdə beynəlxalq turnir keçiriləcək ki, orada yeniyetmələrdən ibarət milli komandamız – Səbinə Abbasova, Nigar Əbdüsəlimova, Yevgeniya Jidkova, Ayelita Xələfova, Kamilə Məmmədova və Lalə Məhərrəmova qüvvəsini sınayacaq.
0