“Onlara 4 yox, 20 qırmızı vərəqə göstərmək lazım idi”
13.04.2009 - 16:57
“Onlara 4 yox, 20 qırmızı vərəqə göstərmək lazım idi”
“Biz - futbolçular meydançanın ortasında, milyonların gözü qarşısında dava etməməliyik”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Fənərbaxça”nın hollandiyalı sabiq futbolçusu Pyer van Hoydonk deyib.

Veteran hücumçu dünən Türkiyə Superliqası çərçivəsində keçirilən “Qalatasaray” - “Fənərbaxça” (0:0) derbisində baş verən insidentə toxunub. O, futbolçuların dava salmalarını pisləyib: “Həmin epizodda hakim 4 yox, 20 qırmızı vərəqə verməli idi. Sadəcə, Linkoln və Roberto Karlos peşəkar kimi davrandı. Yumruq davasına girişənlər 1 həftə əvvəl milli komandanın heyətində birgə sevinib, birgə üzülən futbolçular deyildilərmi? İndi isə baxıram, sanki əzəli düşməndirlər. Türkiyədə təkcə futbolçular deyil, masajçılar, fizioterapistlər də bir-birlərinə hücum çəkirlər”.

Prinsipial rəqiblərin görüşündə son saniyələrdə yaşanan qalmaqal ucbatından “Qalatasaray”dan Arda Turan və Əmrə Aşık, “Fənərbaxça”dan isə Semih Şəntürk və Luqanoya qırmızı vərəqə göstərilib.

Xatırladaq ki, van Hoydonk 2003-05-ci illərdə “Fənərbaxça”nın heyətində 53 oyunda 32 dəfə fərqlənib.
0