Avropa çempionatının gümüş mükafatçısı Azad Məmmədov həbs olunub
15.04.2009 - 15:30
Avropa çempionatının gümüş mükafatçısı Azad Məmmədov həbs olunub
Azərbaycanın qaydasız döyüş üzrə Avropa çempionatının gümüş mükafatçısı Azad Məmmədov həbs edilib. Bu barədə hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumatda bildirilib.

A. Məmmədovun qardaşı Vüqar Məmmədov agentliyə açıqlamasında faktı təsdiqləyib. Onun sözlərinə görə, A. Məmmədov ötən gün Şəki rayonunun Qoxmuq kəndində keçirilən yas mərasimində Şəki rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Məlumata görə, Şəki şəhər Polis Şöbəsinin əməkdaşları A. Məmmədovun Qoxmuq kəndində yerləşən evində axtarış aparıblar. Axtarış zamanı evdən bir ədəd “Vinçester” tipli silah, bir ədəd “Tir” tüfəngi və qaz tapançası aşkar edilərək götürülüb.

Təqsirləndirilən şəxsin qardaşının sözlərinə görə, A. Məmmədov bu gün Bakıya gətirilib. Qardaşının hər hansı bir cinayətdə iştirak etmədiyini vurğulayan V. Məmmədov onun evindən aşkarlanan silahların qanunla əldə olunduğunu sözlərinə əlavə edib: “Mənim qardaşım idmançıdır. Onun hər hansı cinayətlə əlaqəsi yoxdur. O, həmişə Azərbaycan bayrağını yüksəltməyə çalışıb”.

Şəki rayon Polis İdarəsindən APA-ya A. Məmmədovun həbsi barədə xəbəri təsdiqləyiblər. Polisdən bildirilib ki, A. Məmmədov Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılıb. Rayon Polis Şöbəsindən A. Məmmədovun həbsi ilə bağlı əlavə məlumat verilməyib.

Qeyd edək ki, A. Məmmədov 1999-cu ildə Rusiyada keçirilmiş qaydasız döyüş üzrə Avropa çempionatının gümüş medalçısı olub.
0