FİLA Rövşən Bayramova dünyanın ən yaxşı güləşçisi mükafatını niyə vermir?
16.04.2009 - 16:57
FİLA Rövşən Bayramova dünyanın ən yaxşı güləşçisi mükafatını niyə vermir?
Beynəlxalq Güləş Federasiyaları Assosiasiyası (FİLA) 2008-ci ilin ən yaxşı yunan-Roma güləşçisi seçilən azərbaycanlı Rövşən Bayramova “Qızıl güləş ayaqqabısı” mükafatını hələ də təqdim etməyib. Apasport.az saytının xəbərinə görə, bu haqda lent.az-a Azərbaycan Güləş Federasiyasının (AGF) vitse-prezidenti Elçin Cəfərov məlumat verib.

Onun sözlərinə görə, FİLA öncə mükafatlandırma mərasiminin Litvanın paytaxtı Vilnüsdə Avropa çempionatı çərçivəsində reallaşacağını açıqlasa da, bu, baş tutmayıb: “Qitə birinciliyi vaxtı bu haqda heç bir söhbət olmadı. Elə biz özümüz də mükafatın aqibəti ilə maraqlanmadıq. Çünki əsas diqqətimizi öz çıxışlarımıza yönəltmişdik”.

Ötən il noyabrın 7-də AGF-yə göndərilən faksda ən yaxşı yunan-Roma, sərbəst və qadın güləşçilərinin 2009-cu il aprelin 1-də Vilnüsdə “Qızıl güləş ayaqqabısı” ilə təltif olunacaqları göstərilmişdi. Bundan sonra Rusiya İdman Güləşi Federasiyası (FSBR) FİLA-nın seçimini qəbul etməyərək, rusiyalı Aslanbek Xuştov (yunan-Roma güləşi) və Buvaysar Saytiyevi (sərbəst güləş), eləcə də yaponiyalı Saori Yoşidanı (qadın güləşi) fərqləndirmişdi. Hətta həmin vaxt Moskvada keçirilən Qitələrarası turnir zamanı Xuştovla Saytiyevə eyni mükafat təqdim olunmuşdu. Yoşida isə yarışda iştirak etmədiyi üçün mükafatını ala bilməmişdi.

FSBR-in bu addımından sonra FİLA-nın Vilnüsdə yunan-Roma güləşində Rövşən Bayramovu, sərbəst güləşdə Vasili Fedorişini (Ukrayna), qadın güləşində isə Stanka Zlatevanı (Bolqarıstan) mükafatlandırmaması müəyyən şübhələr yaradıb. Lakin E.Cəfərov mükafatların mütləq təqdim olunacağına inandığını bildirib: “15 - 17 iyulda Bakıda sərbəst, yunan-Roma və qadın güləşi üzrə “Qızıl Qran-pri” turnirinin final mərhələsi keçiriləcək. Həmin yarışda dünyanın ən güclü güləşçiləri ilə yanaşı, FİLA-nın prezidenti Rafael Martinettinin də iştirakı gözlənilir. Yəqin ki, Martinetti mükafatları məhz Bakıda təqdim edəcək”.

Qeyd edək ki, 55 kq çəkidə çıxış edən Rövşən Bayramov ötən il Avropa çempionu və Pekin Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı olub.
0