İsmayıl İsmayılov: Biz güc nazirliyi deyilik!
20.04.2009 - 16:10
İsmayıl İsmayılov: Biz güc nazirliyi deyilik!
“Mən tanınmış idmançılarımızın kriminal işlərə qarışmasının, cinayət törətməsinin qəti əleyhinəyəm. Avropa və dünya çempionatlarında, mötəbər beynəlxalq turnirlərdə fərqlənən idmançılarımız gərək nümunəvi insanlar olsunlar. Ağac bar verdikcə, başını aşağı əyər”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov deyib.

Cinayət əməlləri törədən bəzi idmançılarımızın həbs olunmasına münasibət bildirən İsmayılov qanunun ali olduğunu vurğulayıb. Nazir müavini öz güclərindən, imkanlarından sui-istifadə edən idmançıların hərəkətlərini pisləyib: “Bu gün heç kimin qanunu pozmağa nə haqqı var, nə də iqtidarı. Hər kəs öz əməlinə görə cavab verməlidir. Qanun hamımız üçündür, alidir, hamıya şamil olunur”.

İsmayılov nazirlikdə idmançıların tərbiyəsi ilə bağlı qurum olmadığını söyləyib: “Kiminsə əməllərinə nəzarət etmək bizim səlahiyyətimiz xaricindədir. Çünki biz güc yox, idman və gənclər siyasətinə cavabdehlik daşıyan nazirliyik. Həm də nəzərə almaq lazımdır ki, sözügedən insanlar müstəqildirlər, tam formalaşıblar. İdmanla məşğul olan yeniyetmə və gənclərin tərbiyəsində əsas funksiyanı rayonlarımızda fəaliyyət göstərən məşqçi-müəllimlər yerinə yetirirlər. Belə məşqçilər tərbiyəçi-pedaqoq sayılırlar”.

O, gənclərin əsl vətəndaş kimi yetişməsi yönündə çalışdıqlarını da nəzərə çatdırıb: “Nazirliyimizin gənclər şöbəsi müxtəlif yerlərdə, hətta həbsxanalarda da gənclərin tərbiyəsi istiqamətində işlər aparırlar. Şöbənin əməkdaşları bu cür insanların gələcəkdə Azərbaycana yararlı olması üçün tədbirlər həyata keçirirlər. Cəmiyyətimizdə Azərbaycanın adına ləkə gətirən insanlar olmamalıdırlar”.

Qeyd edək ki, ötən həftə daha bir idmançımız - qaydasız döyüşçü Azad Məmmədov həbs olunub. Bundan öncə isə ayrı-ayrı səbəblər üzündən peşəkar boksçu Fariz Məmmədov, Sidney Olimpiadasının bürünc mükafatçısı, boksçu Vüqar Ələkbərov, qaydasız döyüşçü Yasəf Mehdiyev və digərləri azadlıqdan məhrum edilib.
0