Məhəmməd Əli azərbaycanlı boksçunun qarşısında niyə ağlayıb?
22.04.2009 - 17:04
Məhəmməd Əli azərbaycanlı boksçunun qarşısında niyə ağlayıb?
“İlk dəfə atam məni məşq zalına aparanda, şoka düşdüm. Mən boks “armud”una yaxınlaşdım, zalı nəzərdən keçirdim və düşündüm ki, görəsən, doğrudanmı, burada məşq edəcəyəm. Lakin sonradan yavaş-yavaş boks “armud”una, zərbələrə, zaldakı qışqırıqlara öyrəşdim”. Apasport.az saytının məlumatına görə, bu sözləri www.vesti.az-a Azərbaycanın peşəkar boksçusu Əli İsmayılov deyib.

11 yaşından boksa başlayan İsmayılov dərslərini zəif oxuduğunu gizlətməyib: “Məşqçi bizə özümüzlə dərs kitabını götürməyə məcbur edirdi. O deyirdi ki, “mənə avam boksçu lazım deyil, yalnız ağıllı idmançılar yüksək nəticələr qazana bilərlər”. Buna baxmayaraq, təhsil baxımından işlər yaxşı getmirdi. Əvəzində, idmanda hər şey yaxşı alındı”.

“Bürünc Əli” adı ilə tanınan boksçu ilk uğurunu 1986-cı ildə, 12 yaşında ikən qazanıb. Həmin il o, Azərbaycan çempionu olub. Sonradan isə müstəqillik illərində daha çox tanınmağa başlayıb: “İlk dəfə təxminən 1993-94-cü illərdə ilk dəfə avtoqraf vermişəm. Dünya və Avropa çempionatlarında uğur qazandıqdan sonra tanınmağa başladım. Mənə yaxınlaşıb, avtoqraf alır, şəkil çəkdirirdilər”. İsmayılov yay olimpiya oyunlarındakı məğlubiyyətləri unuda bilmir: “Boksçularımız arasında ən titullusu sayılıram. Ancaq təəssüf ki, mükafatlar kolleksiyamda olimpiya medalı yoxdur”.

Kumirinin XX əsrin ən yaxşı boksçusu Məhəmməd Əli olduğunu bildirən İsmayılov əfsanəvi “əlcək ustası” ilə tanışlığından da danışıb: “Məhəmməd Əli ilə ilk görüşüm 1997-cu ildə ABŞ-ın Kentukki ştatında baş tutub. Bundan 2 il sonra Hyuston şəhərində keçirilən dünya çempionatında növbəti dəfə görüşdük. O, paltardəyişmə otağına gəldi, idmançılara avtoqraf verdi, onlarla şəkil çəkdirdi. Məhəmməd Əli mənə tərəf gələndə, dərhal federasiyanın o vaxtkı prezidenti Ağacan Abıyev ona yaxınlaşdı. Mən rinqə çıxmağa hazırlaşırdım. Məhəmməd Əli mənə 1-2 zərbə vurdu və soruşdu: “Sənin adın Əlidir?” Mən də cavabında “bəli” dedim. O, mənə uğurlar arzuladı və döyüşü izləyəcəyini bildirdi”.

Rinqdən qələbə ilə dönən Əli bu dəfə əfsanəvi boksçunun sürprizi ilə qarşılaşıb: “Paltardəyişmə otağına qayıtdıqdan sonra, birdən qapı döyüldü. Gələn Məhəmməd Əlinin mühafizəçisi idi. Əfsanəvi boksçu mənə bir çanta göndərmişdi. Onun içərisində Məhəmməd Əlinin xalatı var idi. Mən xalatı geyindim və Məhəmməd Əliyə yaxınlaşıb, ondan avtoqraf aldım. Bu zaman o, mənə dedi: “Qoy, bu xalat sənə uğur gətirsin”. Bundan bir il sonra mənim oğlum oldu, onun adını əfsanəvi boksçunun şərəfinə Məhəmməd Əli qoydum”.

İsmayılovla Məhəmməd Əlinin üçüncü görüşü isə 2000-ci ildə Sidneydə gerçəkləşib: “Sidney Olimpiadasında Məhəmməd Əliyə yaxınlaşdım, oğlumun onun şərəfinə adlandırdığımı dedim. O ağlamağa başladı. Və dedi ki, “mən XX əsrin Məhəmməd Əlisi olmuşam, qoy, sənin də oğlun XXI əsrin Məhəmməd Əlisi olsun!”

Dünya çempionatının bürünc mükafatçısı vurğulayıb ki, hazırda idman gimnastikası ilə məşğul olan oğlunu tezliklə boks bölməsinə keçirəcək. İsmayılov növbəti görüşə - mayın 9-da Argentinada yerli idmançı Viktor Emilio Ramireslə döyüşə hazırlaşır. Bu döyüşlə bağlı onu narahat edən yeganə məqam iqlim və coğrafi mövqedir. İndiyədək Cənubi Amerikada olmayan boksçumuz Argentinaya adaptasiya ola bilməyəcəyindən və bunun yekun nəticəyə mənfi təsir göstərəcəyindən ehtiyatlanır.
0