Ən titullu qapıçımız Bagira ilə münasibətlərindən danışdı - MÜSAHİBƏ
23.04.2009 - 17:57
Ən titullu qapıçımız Bagira ilə münasibətlərindən danışdı - MÜSAHİBƏ
Azərbaycanın ən titullu qapıçısı, Bakının “Standard” klubunun kapitanı Hüseyn Məhəmmədovun apasport.az saytına müsahibəsi

- Komandanın kapitanı kimi, Badri Kvaratsxeliyanın baş məşqçi postundan istefa verməsini necə qarşıladınız?
- Kvaratsxeliya özü bu addımı atıb. Klub rəhbərliyi onu işindən azad etməyib. Ola bilsin ki, Badri hirslənib və belə qərar verib. Son turda “Qəbələ” ilə səfərdə keçirdiyimiz matçda məğlubiyyəti daha çox bəxtsizliklə bağlamaq olar. Sonuncu dəqiqədə buraxdığımız qol nəticəsində uduzduq. Ola bilsin ki, Kvaratsxeliya hirslənmişdi. Adamdır da. Nə var, olanı deyə bilərəm. Badri rəhbərliyə yaxınlaşaraq, daha işləmək yox, ayrılmaq istəyini bildirib.

- Son üç görüşdə uduzduğunuzu nəzərə alsaq, Kvaratsxeliyanın istefasını gözləmək olardımı?
- Aşığını deyim ki, Badrinin yerində olsaydım, bu addımı heç atmazdım. Çünki, komanda acizlikdən uduzsaydı, rəqibdən çəkinsəydi, oyunu olmasaydı istefa vermək olardı. Bu zaman mən ona irad tutmazdım. Amma indi Kvaratsxeliyaya irad tuturam ki, atdığı addım düz deyil. Fikrimcə, “Xəzər-Lənkəran” və “Bakı”ya uduzmağımıza hakim səhvlərinin təsiri oldu. “Qəbələ” ilə qarşılaşmada hakimlər haqda qərəzli danışa bilmərəm. Sadəcə, reallığı söyləyirəm. Deyə bilmərəm ki, “Qəbələ” ilə görüşü idarə edən Elçin Məmmədovun meydan sahiblərinə kömək etmədi. Azacıq simpatiya var idi və bu, olmalıdır. Bəxt yaxşı şeydir və rəqibin son qolu vurmağında həmin amil böyük rol oynadı.

- Belə demək olarmı ki, baş məşqçi mövsümün sonuna az qalmış komandanı yarı yolda atıb getdi?
- Bəli. Bunu etmək olmazdı. Badrini çoxdandır tanıyıram, bir yerdə oynamışıq. Özünə inanmalı idi. Mövsümün sonuna 4 oyun qalıb və minimum 10 xal ala bilərik.

- Qısa müddətdə komandanızda iki baş məşqçi dəyişikliyi oldu. Qışda istefa verən Kaxaber Sxadadzeni Kvaratsxeliya əvəzlədi. Sizcə, gürcüstanlı çalışdırıcılar komandaya fayda verdilərmi?
- Komandanın yaxşı oynamasında onların əməyi var. Taktiki hazırlıqda hər ikisinin böyük rolu oldu. Gördüyümü deyirəm. “Standard”ın digər klublarla müqayisədə çox məzmunlu oyun nümayiş etdirməsi göz qabağındadır. Başqa klublara baxırsan, çempionluğa oynayır, amma bizim oynadığımız taktika, oyun üslubu heç onlarda yoxdur. Bunu futbol mütəxəssisləri də deyir, azarkeşlər də. Deyirlər ki, “Standard”ın oyunu çox gözəldir, baxımlı futbol sərgiləyir.

- Amma komandanın çıxışında qeyri-sabitlik hökm sürür. Bunun səbəbi nədir?
- Futbolda belə şeylər olur. Zənnimcə, baxımlı oyunun əsas səbəbkarı komandanın rəhbərliyidir. Çünki komandada heç bir problem yoxdur, vaxtı-vaxtında əmək haqqımızı, mükafatımızı alırıq.

- “Standard”ın gələcək taleyi haqda müxtəlif söz-söhbətlər gəzdi. Bir ara deyildi ki, komanda dağılır. Sonradan Gəncəyə köçürüləcəyi bildirildi. İndi də məlum olur ki, yeni mövsümdən Sumqayıtda təmsil etmək planı var...
- Klubumuzun prezidenti Emin Babayevə öz təşəkkürümü bildirirəm ki, bizə hər cür qayğı göstərir. Hələ mövsüm bitməsə də, indidən gözəl fikirlər söyləyir. “Standard”ın dağılmaq söhbəti yoxdur. Əksinə, güclü komanda yaratmaq planı var. Ola bilsin ki, “Standard” yeni mövsümdən Sumqayıtı təmsil etsin və ev oyunlarını bu şəhərdə keçirsin. Prezidentimiz bütün bunları bizə danışıb. Gələcək üçün komandaya yaxşı futbolçular əlavə etməlidir. Babayev hər dəfə bizimlə görüşəndə deyir ki, bundan da yaxşı komanda yaradaq, futbol oynayaq.

- Amma Gəncəyə köçmək daha münasib olardı. Hər halda, uzun müddət bu şəhərdə oynamısınız...
- Əlbəttə. Amma nəzərə almaq lazımdır ki, “Standard” Bakı komandasıdır. Rəhbərlik də komandanın paytaxta yaxın ərazidə məskunlaşmasını istəyir. Bakıya yaxın olduğundan Sumqayıtı üstünlük verirlər. Həm də gedib-gəlmək, oyunlarda iştirak etmək baxımından özləri üçün də rahat olacaq.

- “Standard”la müqaviləniz nə vaxt başa çatır?
- Mayın sonunda.

- Klubda qalmaq fikriniz var?
- Baxarıq də. İlk növbədə mənə bir futbolçu kimi inamdan asılı olacaq. Düzdür, indi də mənə komandada inam var. Ancaq deyə bilmərəm ki, “Standard”da çıxışımı davam etdirəcəyəm. Buna heç kim zəmanət verə bilməz. Sadəcə, bir şey var ki, belə bir rəhbərliklə işbirliyini davam etdirmək istərdim. Çünki onlar gəncdirlər, hər şeyi düzgün başa düşüb, qiymətləndirirlər. Futboldan anlayışları yüksək səviyyədədir. Klub rəhbərliyi futbolla bağlı olan adamlardır, bütün incəlikləri bilirlər.

- Yəqin ki, 35 yaşlı Hüseyn Məhəmmədov hələlik futbolçu karyerasını bitirmək haqda düşünmür...
- Əlbəttə. Bu, hələ mənim üçün tezdir. Hazırda fiziki durumum, oyunum göstərir ki, karyeramı davam etdirə bilərəm. Gücüm hələ tükənməyib. Bundan sonra iki il də rahat oynamaq iqtidarındayam.

- Bir az futboldan kənara çıxaq. Bildiyimizə görə, dostlarınız arasında qeyri-futbol adamları, konkret olaraq, müğənnilər də var...
- Doğrudur. Tək bir müğənni yox, çoxdur.

- Onlar kimdir ki?
- Adlarını açıqlamaq istəməzdim. Deyə bilərəm ki, onlarla səmimi dostuq.

- Hər halda, onlardan birinin müğənni Bagira olduğunu bilirik. O, saytımıza müsahibəsində sizi tərifləyib, xoş sözlər deyib...
- Olan şeyləri söyləyib də.... Hər bir futbolçu belə olmalıdır. İnsanın ilk növbədə gözü tox, qabiliyyətli, diqqətli olmalıdır. Futbolçu öz hərəkəti, davranışı ilə seçilməlidir. Jurnalistlərlə də dostluq etmək olar. Şəxsən sizə, həmkarlarınıza böyük hörmətim var. Heç kəs deyə bilməz ki, Hüseyn Məhəmmədov mətbuat işçilərinə qarşı pis hərəkət edib. Hərdən jurnal da oxuyuram. Görürəm ki, dünyanın tanınmış futbolçuları maneken və müğənnilərlə dostluq edirlər. Bu, insana heç bir zərər gətirməz. Əksinə, normal haldır. Fikrimcə, tanınmış futbolçu belə də olmalıdır.

- Hətta bəzi müğənnilər məşhur futbolçularla yaxından tanış olmağı, dostluq etməyi özləri üçün şərəf bilirlər...
- Elə də olmalıdır. Niyə başqa ölkələrdə olur, amma azərbaycanlı futbolçular üçün yox? İstərdim ki, futbolçularımız dünyada tanınmış həmkarları səviyyəsində olsunlar. O dərəcədə sevilsinlər, xeyli fanatları olsun.

- Bagira ilə ailəvi dostluq edirsiniz?
- Yox. Sadəcə, dostuq da. Bu, yalnız belədir.

- Bəs xoşagəlməz söz-söhbətlərin yaranmasından çəkinmirsiniz?
- Əsas odur ki, məsafəni saxlayasan. Qadınla dost olmaq o demək deyil ki, xoşagəlməz şeylər, fikirlər yaransın.

- Belə çıxır ki, Bagira ilə münasibətləriniz yaxın deyil?
- Bundan söhbət gedə bilməz. Münasibətlərimiz ancaq “salam, sağ ol” səviyyəsindədir.

- Maraqlıdır, onunla tanışlığınız necə yaranıb?
- Məclislərin birində tanış olmuşuq.

- Dostluq etdiyiniz müğənnilərin yaradıcılığınızı izləyirsinizmi?
- Pis çıxmasın, buna marağım da olmayıb. Heç bir müğənninin fanatı olmamışam. Düzdür, gözəl müğənnilərimiz və əla ifaları var. Bunun söhbəti yox. Amma musiqi ilə dərindən maraqlanmamışam.

- Bagira ilə tez-tez görüşürsünüz?
- Ayda, ildə bir dəfə. İmkan düşəndə bir yerdə oluruq. Amma yenə də deyirəm ki, özüm heç vaxt onu yaxına buraxmaram.
0