2010-cu ildə Bakıda dünya çempionatı keçiriləcək
24.04.2009 - 11:42
2010-cu ildə Bakıda dünya çempionatı keçiriləcək
2010-cu ildə yeniyetmə və gənc qılıncoynadanlar arasında dünya çempionatı Bakıda təşkil olunacaq. Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan Qılıncoynatma Federasiyasının (AQF) baş katibi Ramin Məmmədov bu gün keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, rəsmi qərar Beynəlxalq Qılıncoynatma Federasiyasının (FİE) noyabrda Palermo şəhərindəki konqresində çıxarılacaq.

“Bakının dünya çempionatının təşkilatçılıq hüququna yiyələnməsi bu ilin aprelində Belfastda baş tutan FİE-nin konqresində demək olar, tam həllini tapıb. Həmin tədbirdə bizdən başqa, Xarkov və Belqrad şəhərləri də namizədliklərini irəli sürmüşdülər. Ancaq sonda yeganə namizəd Bakı qaldı. Noyabrda bu proses rəsmiləşəcək. Dünya çempionatının ev sahibi ilə əlaqədar yekun qərar verilməsə də, yeganə namizəd olduğumuzdan yarışın paytaxtımızda keçiriləcəyini əminliklə söyləmək mümkündür. Həm də FİE-nin dünya çempionatının ev sahiblərinə təqdim etdiyi keçici bayraq artıq bizə verilib. Ev sahibi qismində 1 il bu bayrağı özümüzdə saxlamalıyıq” - deyə Məmmədov vurğulayıb.

Çox güman ki, çempionat Bakı İdman-Konsert Kompleksində təşkil ediləcək. Gələn ay isə uzun fasilədən sonra paytaxtımızda ilk beynəlxalq turnir keçiriləcək. “Baku Fencing Open” adlı turnirə 10 ölkədən 100-dən çox idmançının qatılacağı gözlənilir. Mayın 23-də qadınlar sablya növündə yarışacaqlar. FİE-nin təqvim-planına salınmış bu turnirdə 1-ci yerə 5 min, 2-ci yerə 3 min, 3-cü yeri tutacaq hər iki qılıncoynadana isə 2 min manat mükafat ayrılıb. “Baku Fencing Open”in sonuncu günündə, mayın 24-də isə kişilər şpaqa və sablya, eləcə də qadınlar şpaqa növündə qüvvələrini sınayacaqlar. Burada mükafatların məbləği belədir: 1-ci pillə 3 min, 2-ci pillə 2 min, 3-cü pillə min manat.

Məmmədov vurğulayıb ki, ölkəmiz 2012-ci ildə böyüklərin Avropa çempionatına da ev sahibliyi edə bilər: “Biz qitə çempionatı üçün namizədliyimizi bu ilin iyulunda Bolqarıstanın Plovdiv şəhərində olacaq Avropa Qılıncoynatma Federasiyasının konqresində irəli sürəcəyik. Fikrimcə, Bakı ən layiqli namizədlərdən biri olacaq. Yaxın illərdə Azərbaycanda qılıncoynatma ənənələrini bərpa edəcəyimizə, parlaq qələbələr qazanacağımıza inanıram. Dövlətin bu idman növünə göstərdiyi diqqət və qayğı, həmçinin qılıncoynatmaya olan maraq və inkişaf perspektivləri bunu deməyə əsas verir”.
0