Yaxşı ki, Elxan Məmmədov var - FOTO
27.04.2009 - 09:52
Yaxşı ki, Elxan Məmmədov var - FOTO
Gürcüstanın paytaxtı Tiflisdə keçirilən cüdo üzrə Avropa çempionatına yekun vurulub. Apasport.az saytının məlumatına görə, yarışa 7 idmançı ilə qatılan Azərbaycan yığması 1 medalla kifayətlənib. Təmsilçilərimiz çempionatın ilk iki günündə fəxri kürsüyə yüksələ bilməyiblər. Yalnız turnirin sonuncu günündə Elxan Məmmədov Azərbaycan cüdosunun nüfuzunu qoruyub.

90 kq çəki dərəcəsində mübarizə aparan 27 yaşlı həmvətənimiz Nikolas Brisson (Fransa) və İvan Remarenkonu (Moldova) məğlub edərək, 1/4 finala yüksəlib. Lakin onun yarımfinala gedən yolunu almaniyalı Mixael Pinske kəsib. Hər halda, Elxan təsəlliverici mərhələdə də yaxşı təsir bağışlayıb. O, ardıcıllıqla İvan Perşin (Rusiya) və David Alarzanı (İspaniya) üstələyərək, bürünc medala layiq görülüb. Ötən il Məmmədov Portuqaliyada keçirilmiş qitə birinciliyində ikinci yeri tutmuşdu.

Tiflisdə digər cüdoçularımız - Samir Dadaşzadə (60 kq), Ramil Qasımov (66 kq), Elçin Qasımov (73 kq), Elxan Rəcəbli (81 kq), Elmar Qasımov (100 kq) və Ramilə Usubova (63 kq) heç 1/4 finaladək irəliləməyi bacarmayıblar. Yekunda Azərbaycan 39 komanda arasında 22-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, budəfəki Avropa çempionatında Pekin Olimpiadasının qızıl medalçısı Elnur Məmmədli və bürünc mükafatçı Mövlud Mirəliyev iştirak etməyiblər. Yığmanın məşqçilər korpusu hər iki cüdoçuya istirahət verib.
0