“Qalatasaray”ın futbolçusu dəhşətli xəstəlikdən dünyasını dəyişdi
30.04.2009 - 11:53
“Qalatasaray”ın futbolçusu dəhşətli xəstəlikdən dünyasını dəyişdi
Türkiyə milli komandasının və “Qalatasaray”ın veteran futbolçusu Sedat Balkanlı dünyasını dəyişib. Apasport.az saytının məlumatına görə, 44 yaşlı Balkanlı dünən gecə ABŞ xəstəxanalarından birində həyatla vidalaşıb.

Onun ölümünə milyon nəfərdə bir rast gəlinən dəhşətli əsəb xəstəliyi (ALS) səbəb olub. Sedat bu əlacsız xəstəliyə 1997-ci ildə, 32 yaşında ikən düçar olub. Həmin vaxt həkimlər onun maksimum 2 il yaşaya biləcəyi barədə rəy veriblər. Əsəb xəstəliyi ilə mübarizə aparan Sedatın vəziyyəti tədricən pisləşməyə başlayıb. O, öncə danışmaq, daha sonra yerimək qabiliyyətini itirib. Ardından veteran futbolçunun gözlərindən başqa bütün orqanları sıradan çıxıb.

12 il xəstəlikdən əziyyət çəkən Balkanlı ömrünün son günlərini xüsusi tibbi avadanlıqların köməyi ilə keçirib.

Qeyd edək ki, Sedat müdafiəçi olsa da, başla vurduğu qollarla ad-san qazanıb. Komanda yoldaşları ona “qızıl baş” ləqəbini veriblər. 1994/95 mövsümündə “Qalatasaray”ın heyətində hər 8 qola başla imza atıb. Balkanlı peşəkar futbolçu karyerasında “Qaziosmanpaşa”, “Konyaspor”, “Bursaspor”, “Eskişeherspor” ve “Fənərbaxça”nın da şərəfini qoruyub.
0