Ukraynalılar otüstü hokkeyçilərimizi lağa qoydular - FOTO
30.04.2009 - 15:31
Ukraynalılar otüstü hokkeyçilərimizi lağa qoydular - FOTO
Azərbaycanın kişilərdən ibarət otüstü hokkey üzrə milli komandası Ukraynada rüsvayçı məğlubiyyətlərlə üzləşiblər. Apasport.az saytının məlumatına görə, Vinnitsa şəhərində ukraynalılarla yoldaşlıq görüşü çərçivəsində qarşılaşan yığmamız 4 dəfə məğlub olub.

İlk oyunda 0:8 hesabı ilə uduzan otüstü hokkeyçilərimiz sonrakı matçlarda qapılarından nisbətən az top buraxıblar – 1:3; 1:5; 0:4. Bu oyunlara geniş yer ayıran Ukrayna mətbuatı yığmamızı ələ salıb. Əcnəbi jurnalistlər bildiriblər ki, bizim idmançıların zəif çıxışı ucbatından stadiona xeyli az azarkeş gəlib.

“Məhz “siçan-pişik” oyununa görə Azərbaycanla qarşılaşmaları çox az tamaşaçı – təxminən yüzədək izləyirdi. Halbuki, təkcə Vinnitsa derbisində “OKS” və “Dinamo-ŞVSM” arasındakı görüşə bundan çox azarkeş gəlir. Yeri gəlmişkən, 2005-ci ildə Vinnitsada təşkil olunmuş “Çelenc” divizionun oyunları zamanı anşlaq olmuşdu. O vaxt tribunalarda 5 minə yaxın azarkeş var idi” - deyə məqalədə qeyd olunub.

Ukrayna yığması bu ilin yayında Xorvatiyada keçiriləcək Avropa çempionatında milli komandamıza rəqib olacaq.
0