Valeri Qazzayev yenə azərbaycanlı futbolçunu məşq etdirəcək
01.05.2009 - 13:17
Valeri Qazzayev yenə azərbaycanlı futbolçunu məşq etdirəcək
Tanınmış rusiyalı mütəxəssis Valeri Qazzayev Ukrayna milli komandasına rəhbərlik edəcək. Apasport.az saytının məlumatına görə, milliyətcə osetin olan Qazzayev bu yığmanı çalışdırmağa razılıq verib. Onun yeni vəzifədə 2010-cu il dünya çempionatının seçmə mərhələ oyunlarından sonra işə başlayacağı gözlənilir.

Həmin vaxta qədər isə Ukrayna yığmasının baş məşqçisi Aleksey Mixayliçenko postunda qalacaq. Altıncı seçmə qrupda yer alan ukraynalılar sonuncu rəsmi oyunu oktyabrın 14-də Andorraya qarşı keçirəcəklər. Əgər onlar öz qruplarında 2-ci yeri tutsalar, daha iki pley-off matçına çıxacaqlar və Qazzayev bu görüşlərdən sonra fəaliyyətə başlayacaq. Hazırda qrupda 3-cü pillədə qərarlaşan Ukrayna 7 xalla lider İngiltərədən (15 xal) çox geridədir.

Qazzayev Rusiyada iki klubla (“Alaniya” və MOİK) ölkə çempionu olan yeganə mütəxəssisdir. Milli komandamızın sabiq kapitanı Nazim Süleymanov 1995-ci ildə “Alaniya”da onun rəhbərliyi altında qızıl medal qazanıb. Sözügedən məşqçi yığmamızın digər sabiq futbolçuları Dmitri Kramarenko və Arif Əsədovun da çalışdırıcısı olub. Ukrayna milli komandasının da şərəfini qoruyan Kiyev “Dinamo”sunun yarımmüdafiəçisi Aleksandr Əliyevin soydaşımız olduğunu nəzərə alsaq, Qazzayevin yenidən azərbaycanlı futbolçu ilə işləyəcəyini söyləmək mümkündür.

Qeyd edək ki, Qazzayev 2008-ci ilin dekabrında Moskvanın MOİK klubundan istefa verəndən bəri işsiz idi.
0