“Almaniyanın ikinci liqasında oynamaram”
01.05.2009 - 13:42
“Almaniyanın ikinci liqasında oynamaram”
Ağdamın “Qarabağ” klubunun və Azərbaycan milli komandasının hücumçusu Vaqif Cavadovun apasport.az saytına müsahibəsi

- Qarşıdakı turda Ağdamda “İnter”lə vacib oyununuz var. Bu görüşə hazırlıq necə gedir?
- Ciddi hazırlaşmışıq. İndi yoldayıq, Ağdamda gedirik. İnşallah, qələbə qazanmağa çalışacağıq.

- “Bakı” ilə ilk yarımfinal matçından sonra komandada əhval-ruhiyyə necədir?
- Əla.

- Hamı gözləyir ki, “İnter”i büdrədən məhz “Qarabağ” olacaq. Çünki rəqibiniz qələbə qazansa, demək olar ki, çempionluğu təmin edəcək...
- Çempionluğun taleyi ötən mövsüm də bizdən asılı idi, bu il də. Biz həmişə yaxşı oynamışıq. Heç vaxt heç kimə köməklik etməmişik və öz adımızı saxlamışıq. Elə “İnter”lə oyunda da öz adımızı, “Qarabağ”ın adını uca tutacağıq.

- Yəni, meydana yalnız qələbə üçün çıxacaqsınız?
- Əlbəttə ki, qalib gəlməyə, növbəti 3 xalımızı qazanmağa çalışacağıq. Turnir cədvəlində 3-cü yeri tutub, bürünc mükafatçı olmaq şansımız hələ var.

- Amma komandanızın əsas hədəfi ölkə kuboku ilə bağlıdır. “Bakı”nı səfərdə 2:1 hesabı ilə məğlub etdikdən sonra finala çıxmaq şansınız yüksəkdir. Belə olan halda, ola bilsin ki, “İnter”lə oyundan daha çox mayın 6-da “Bakı” ilə Ağdamda keçiriləcək cavab görüşünü düşünəcəksiniz?
- Yox. Məncə, belə olmayacaq. Düzdür, futbolda hər şey ola bilər. Amma həm çempionata, həm də kuboka çox ciddi yanaşırıq. Üçüncü yerə yüksəlmək lazımdır. Həmin ilk “üçlüy”ə düşməliyik ki, avrokuboklara çıxaq.

- İlk dövrədə “İnter”i büdrədən azsaylı komandalardan biri də “Qarabağ” oldu. 1:1 hesabı ilə nəticələnən həmin oyunda məhz vurduğunuz qolla hesab bərabərləşdi və rəqibiniz vacib iki xal itirdi. Bu dəfə də “İnter”in qapısına yol tapa bilərsiniz?
- Həmin oyun yaxşı yadımdadır. “İnter”ə bu dəfə də qol vurmağa çalışacağam. Baxaq görək necə olacaq. Təki komandamız qalib gəlsin. Fərqi yoxdur, qolu mən vurdum, yaxud başqası.

- İkinci dövrədə oyunun daha yaxşı alınır. Əvvəllər uyğunlaşma ilə bağlı problem vardı, yoxsa?
- Belə deməzdim. Həmişə meydana çıxanda bütün gücümü, bacarığımı ortaya qoymuşam. Sözsüz ki, nəsə alınırdı, nəsə də yox.

- Hər halda, “Bakı” ilə kubok oyununda qələbədə daha çox sizin əməyiniz oldu: bir qol, bir məhsuldar ötürmə. “Bakı”nın müdafiəçisi Elvin Əliyev də məhz sizə qarşı kobudluğa görə qırmızı vərəqə alaraq, meydandan çıxarıldı. Özünüzü həmin oyunun qəhrəmanı sayırsınız?
- Oyunun qəhrəmanı mən yox, bütün komandadır. Həmin görüşdə çox yaxşı oynadıq. Baş məşqçimizin taktiki tapşırıqları, futbolçularımızın oyunlara köklənməsi, bunların hamısı öz nəticəsini verdi.

- Hücumçu ilk növbədə rəqibin müdafiə xəttini qiymətləndirməlidir. “İnter”in arxa xətti çoxmu güclüdür?
- Biz “Bakı” üzərində 2:1 hesabı ilə qalib gəlmişiksə, yəqin ki, rəqib müdafiədə səhvə yol verib. Ancaq demək olmaz ki, onlar pis futbolçulardır. Sadəcə, “Bakı” ilə kubok oyununda qalib gəlməyi çox istəyirdik. Kim də qələbəni çox istəyirdisə, o da buna nail oldu. “İnter”ə gəlincə, onlar həmişə müdafiədən oynayırlar. Bu komanda yalnız uzun ötürmələrlə oynayır və hamısı da ucaboylu futbolçulardır. Mənə elə gəlir ki, bizim komanda üçün “İnter”i müdafiəsi problem olmayacaq.

- Uzun fasilədən sonra Ağdamda rəsmi oyun olacaq. İlk dəfə orada çıxış edəcəksiniz. Oyun öncəsi hansı hissləri keçirirsiniz?
- Əvvəllər Ağdamda olsam da, orada ilk dəfə oynayacağam. Mən Olimpiya İdman Kompleksinin açılışında da demişdim ki, inşallah, ən böyük arzumuz bu stadionda, Ağdamdakı azarkeşlərimiz önündə oynamaqdır. Bu arzumuz yerinə yetdi və Allahın köməyi ilə mayın 3-də meydana çıxıb qələbə qazanacağıq.

- Hücumçularımızda ilk növbədə qol vurmaq problemi var. Bu elə yığmanın oyunlarında da özünü göstərir. Sizin də yer aldığınız milli komanda cari seçmə mərhələdə hələ də qol vura bilməyib. Əsas problem nədir?
- Hücumçu tək özündən asılı deyil. Ona ötürmə verməyəndən, dəstək verməyəndən sonra topu götürüb, 11 nəfəri aldadası deyil ki? Əlbəttə, bu da olmalıdır. Amma əsas məsələ hücumçuya ötürmə verilməsidir. Hər şeyi hücumçunun boynuna atmaq olmaz. Çünki futbol komanda oyunudur və hücumçu meydanda tək heç nə edə bilməz.

- Bunu başa düşürük. Amma elə epizodlar olur ki, hücumçularımız yaxın məsafədən qapını dəqiq nişan ala bilmirlər...
- Bu, daha çox epizoddan, oyundan asılıdır. Oyundan-oyuna fərq var. Elə oyun olur ki, hücumçunu saxlayırlar, yaxud başqa şey fikirləşir.

- Hər halda, Premyer Liqamızda cari mövsümdə bombardirlər yarışında ilk 6 yeri legionerlər tutur. Öz hücumçularımız arasında ən çox qol vuranlardan biri siz olsanız, bu mübarizədən çox uzaq qalmısınız. Daha çox əcnəbilərin qol vurması bir azərbaycanlı hücumçu kimi, sizə necə təsir edir?
- Bu ona görə belədir ki, onların komandaları ilk yerlərdə gedir. Mən ilk növbədə özüm yox, komandam üçün oynayıram. Məndə qol vurmaq məqsədi var. Amma elə oyunlar var ki, ötürmə vermişəm. İnşallah, bu üç oyunda da qol vurub, bombardirlər yarışında bir az yuxarı qalxmağa çalışacağam.

- Futbolçunun inkişafı üçün daha səviyyəli çempionatda çıxış etmək lazımdır. Bir ara Rusiyada, Moskva MOİK-in əvəzedici komandasında yer alsanız da, vətənə qayıtmağı üstün tutdunuz. Yenidən legioner həyatı yaşamaqla bağlı planınız varmı?
- Əlbəttə ki, var. İnşallah, buna nail olmağa çalışacağıq. Təkliflər də var. “Qarabağ” buna razı olsa, təklifləri qəbul edəcəyəm.

- “Qarabağ”la müqaviləniz nə vaxta qədərdir?
- İlin sonuna kimi.

- Təkliflər yenidən Rusiyadandır, yoxsa?
- Rusiya ilə yanaşı, Türkiyə və Almaniyadan da var.

- Bunlar nə dərəcədə ciddidir?
- Ciddi olmağına ciddidir. Amma hələ “Qarabağ”la müqaviləm var.

- Həmin klublar sizi yığmanın oyununda görüb?
- Oyunlarıma baxıblar və məni çoxdandır izləyirlər.

- Bu komandalar yüksək, yoxsa birinci liqada çıxış edənlərdir?
- Yüksək liqa. Mən birinci liqaya getməyəcəyəm axı.

- Hər halda, Almaniya Bundesliqasında çıxış edən komandanın azərbaycanlı futbolçunu transfer etməsi real deyil...
- Necə real deyil? Əlbəttə ki, Bundesliqa klubundan da azərbaycanlı futbolçuya təklif gələ bilər.

- Elə isə bu, hansı komandadır?
- Bunu deyə bilmərəm. Mənimlə maraqlanan xarici klubların adlarını indi açıqlamaq düzgün olmaz. Çünki hələ heç nə bilinmir və bunlar yalnız təkliflərdir. İnşallah, “Qarabağ”la müqaviləm bitəndən sonra buna baxacağıq. Misal üçün, “Qarabağ”a mənimlə bağlı müraciət etsələr, danışıqlar gedəcək. Amma bu, mövsümün sonunda olacaq.

- Yəqin ki, Almaniya variantında milli komandamızın almaniyalı baş məşqçisi Berti Foqtsun rolu var?
- Yox.

- Bir çox hallarda futbolçularımız xarici klubların onlarla maraqlanmasını daha çox reklam xarakteri üçün edirlər. Sonda da məlum olur ki, bu variantlar real deyilmiş...
- Mənim məsələm ciddidir. Hər halda, zarafat etmirəm ki.

- Hazırda yığmamızın əsas hücumçusu milliləşən serbiyalı Branimir Subaşiçdir. Amma Rusiya ilə Moskvadakı rəsmi oyunda siz fasilədə Subaşiçi əvəzlədiniz və daha yaxşı təsir bağışladınız. Hesab etmirsiniz ki, hazırda əsas heyətdə çıxış etməyə daha çox layiqsiniz?
- Heç kimdən zəif olmadığımı həmişə demişəm. Xüsusilə də milli komandamızda çıxış edən legionerlərdən. Özümü də millidə əsas heyətdə oynamağa layiq futbolçu sayıram.

- Amma daha çox ehtiyatda qalır, sonradan meydana çıxırsınız. Bu, sizi ruhdan salmır?
- Yox. Bu, baş məşqçinin qərarıdır və ona hörmətlə yanaşıram. Hamı baş məşqçinin fikrinə müsbət baxmalıdır.

- Türkiyənin “Boluspor” klubunda çıxış edən İlqar Qurbanovla yaxın qohumsunuz. O, Berti Foqtsla arasında yaranan münaqişəyə görə millidən kənarlaşdırıldı...
- Əlbəttə ki, İlqarla mütəmadi əlaqə saxlayıram. Bu, baş məşqçi ilə futbolçu arasında olan məsələdir. Hər futbolçuda elə şey ola bilər. Mən onlar arasında münasibətə necə qarışa bilərəm ki?
0