“Qəbələ”ni İntizam Komitəsində də bağışlamadılar
01.05.2009 - 15:04
“Qəbələ”ni İntizam Komitəsində də bağışlamadılar
AFFA-nın İntizam Komitəsinin (İK) növbəti iclası keçirilib. Peşəkar Futbol Liqasının mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, komitə üzvləri ölkə kubokunun ilk yarımfinal oyunlarında baş verən xoşagəlməz olayları müzakirə edərək, yğun qərarlar çıxarıb.

“İnter”ə 0:5 hesabı ilə uduzmaqla, böyük zərbə alan “Qəbələ” İK tərəfindən də daha çox – 5000 manat cəzaya məruz qalıb. Dörd futbolçusunun sarı vərəqə almağına görə 1000 manat cərimə olunan qəbələlilər baş məşqçi və oyunçusu üçün də para ödəməli olacaq. Matçın 30-cu dəqiqəsində özünü aqressiv apardığı üçün texniki zonadan kənarlaşdırılan "Qəbələ" klubunun baş məşqçisi Ramiz Məmmədov 1 oyunluq cəzalandırılıb və komandasını 2000 manat ziyana salıb.

“Xəzər-Lənkəran”la mayın 2-də keçiriləcək qarşılaşmada texniki zonaya buraxılmayacaq baş mütəxəssisdən fərqli, Anar Qasımovun cəzası daha ağır olub. Oyunun 78-ci dəqiqəsində rəqibini bilərəkdən təpiklə vurduğu üçün birbaşa qırmızı vərəqə alan Qasımov iki görüşü buraxacaq. Qəbələlilər ona görə də 2000 manat ödəməlidir.

"Bakı" - "Qarabağ" matçının 59-cu dəqiqəsində ikinci sarı vərəqəyə görə meydandan qovulan Elvin Əliyev isə cəmi bir oyunluq cəzalanıb. Müdafiəçi bakılıları 200 manat ziyana salıb.
0