“Kim zəmanət verə bilər ki, “Qarabağ” finala yüksələcək”
01.05.2009 - 15:31
“Kim zəmanət verə bilər ki, “Qarabağ” finala yüksələcək”
“Qarabağ”a kubokda məğlubiyyət bizə psixoloji problem yaratmamalıdır. Əslində, belə də olmalıdır. Çünki sabah Premyer Liqanın növbəti turu çərçivəsində “Simurq”la çox vacib oyunumuz var”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Bakı” klubunun baş məşqçisi Qyoko Hacıyevski deyib.

İndiyədək Zaqatalanın “Simurq” klubunu məğlub edə bilməyən makedoniyalı mütəxəssis sabah bu sindromu qırmağa iddialıdır: “Həqiqətən də güclü rəqiblə görüşəcəyik. Rəqib güc futboluna üstünlük verir, mütəşəkkil oyun nümayiş etdirir. Komanda fiziki hazırlıq baxımından yaxşı vəziyyətdir. Həm etibarlı müdafiəsi var, həm də yaxşı hücumçuları. Əks-hücumları təhlükəli alınır. İstənilən halda, oyunumuzu rəqibə uyğun qurmamalıyıq. Öz oyun üslubumuz var və onlara qarşı öz oyunumuzu oynamalıyıq. “Bakı”nın oyun keyfiyyəti, məzmunu, gücü və motivasiyası var. “Simurq”la görüş bizim üçün cari mövsümdə ən vacib oyunlardan biri olacaq. Bu matçda mütləq qələbə qazanmalıyıq. Bizə yalnız və yalnız qələbə lazımdır”.

“Bakı”nı qarşıdakı turda təkcə “Simurq”la oyunla yox, “Qarabağ” – “İnter” görüşünün nəticəsi də böyük önəm kəsb edəcək. Axı “İnter” “Bakı”nın çempionluq uğrunda mübarizədə əsas rəqibidir və Ağdamdakı görüş qonaqların xal itirməsi Hacıyevskinin komandası üçün göydəndüşmə olacaq. “Bakı”nın çalışdırıcısı daha iki gün gözləməyi məsləhət bilir: “Mən indidən deyə bilmərəm ki, Ağdamdakı oyun nəticə necə olacaq. Düzdür, bizim üçün bu matçın nəticəsi önəmlidir. Ancaq gözləmək lazımdır. Ümid edirəm ki, “Qarabağ” “İnter”ə də qarşı yaxşı oyun nümayiş etdirəcək. Komanda ilk növbədə özü, adı üçün oynamalıdır. “Qarabağ” Ağdamda “Xəzər-Lənkəran”la da görüşəcək. Yəni qalan üç oyunda qələbə qazansalar, mövsümü 3-cü yerdə bitirib, bürünc medalçı ola bilərlər”.

“Qarabağ”ın “Bakı”nı səfərdə yenəndən sonra ölkə kubokunun finalına çıxması daha real olsa da, Hacıyevski hadisələri qabaqlamağı məqsədəuyğun saymır: “Kim zəmanət verə bilər ki, “Qarabağ” ölkə kubokunu qazanacaq? Finala çıxacaqlarını da əminliklə söyləmək olmaz. Hələ bizimlə cavab yarımfinal oyunları var. Mayın 6-da Ağdamda keçiriləcək həmin görüşdə lazımı nəticə qazanıb, finala çıxmağa çalışacağıq. İlk yarımfinal oyununda futbolçumuzun meydandan qovulması, 10 nəfərlə qalmağımız prblem yaratdı. Çempion olmaq istəyiriksə, mütləq “Simurq”u yenməliyik. Buna nail olsaq, hər şey bizim üçün yaxşı olacaq. Xal itirsək, çempionluq şansımız azalacaq. Bununla da mövsümü istədiyimiz kimi başa vurmaya bilərik”.

Qeyd edək ki, “Bakı” üçün böyük əhəmiyyət kəsb edən “Qarabağ” – “İnter” oyunu mayın 3-də keçiriləcək.
0