Ronaldonun istəyi rədd olundu
02.05.2009 - 10:24
Ronaldonun istəyi rədd olundu
Braziliyalı futbolçu Ronaldo milli komandaya qayıda bilmir. Apasport.az saytının məlumatına görə, beşqat dünya çempionlarının baş məşqçisi Karlos Dunqa “Yekədiş” ləqəbli 33 yaşlı hücumçunu iyunda keçiriləcək 2010-cu il dünya çempionatının seçmə mərhələsinin oyunlarına çağırmamaq qərarına gəlib.

Son vaxtlar yaxşı formada olan Ronaldo vətənində çıxış etdiyi “Korintians” klubunun heyətində keçirdiyi 10 oyunda 8 qol vurub. Futbolçu uzun müddətdən sonra yığmaya qayıtmaq istəyini bildirsə də, baş məşqçi bunu rədd edib. Dunqa qərarını Ronaldonun dizindəki zədənin yenidən üzə çıxması ehtimalı ilə əlaqələndirib. “Yekədiş” məhz bu zədə ucbatından xeyli müddət yaşıl meydandan kənarda qalıb.

Qeyd edək ki, Ronaldo Braziliya milli komandasının heyətində iki dəfə (1994-cü və 2002-ci illərdə) dünya çempionu olub. Hücumçu 15 il öncə elə Dunqanın kapitanı olduğu yığmanın heyətində qızıl medal qazanıb.
0