Avarçəkənlər “Böyük Moskva reqatası”nda
13.05.2009 - 16:37
Avarçəkənlər “Böyük Moskva reqatası”nda
Akademik avarçəkmə üzrə milli komandamız iyunun 5-də start götürəcək “Böyük Moskva reqatası”nda mübarizə aparacaq. Apasport.az saytının məlumatına görə, Rusiya paytaxtında keçiriləcək yarış 3 gün davam edəcək.

Sayca 48-ci dəfə təşkil olunacaq turnirə hazırlıq məqsədilə avarçəkənlərimiz yığmamızın məşqçiləri Samir Məmmədov və Aleksandr Barabanovun rəhbərliyi altında Mingəçevir şəhərinə təlim-məşq toplantısına yollanıblar. “Kür” Təlim-Tədris Mərkəzində keçiriləcək hazırlıq prosesinə 11 idmançımız – Cavid Əfəndiyev, Toğrul Qurbanzadə, Aleksandr Jdanov, Kamal Məmmədov, Mirzağa Eyvazov, Turqay Məmmədov, Sərxan Hüseynov, Kərim Əsgərov, Telman Həbibli, Kamran Yusubov və Fuad Mirzəyev qatılıblar. Moskvaya aparılacaq heyət onlar arasında keçiriləcək yoxlama xarakterli yürüşdən sonra müəyyənləşəcək.

Qeyd edək ki, hazırda milli komandamızın baş məşqçisi Rudiger Hauffe və yeniyetmə akademik avarçəkənlərimiz Teymur Kutseba və Aleksandr Qlotov Almaniyadadırlar. Hər iki idmançımız artıq Münhen şəhərində başa çatan “DRV - International Junior Regatta” adlı beynəlxalq turnirdə çıxış edib. 2 nəfərlik təkavarlı qayıqda 14 iştirakçı arasında final mərhələsinə vəsiqə qazanan Kutseba – Qlotov dueti ilk yarış günündə 6-cı, ertəsi gün isə 3-cü yeri tutub. Almaniyada hazırlıqlarını davam etdirən perspektivli avarçəkənlərimiz daha 2 beynəlxalq turnirdə qüvvələrini sınayacaqlar.

Mənbə: amaf.az
0