“Çelsi” klubundan Aysellə Araşa qeyri-adi dəstək
14.05.2009 - 10:24
“Çelsi” klubundan Aysellə Araşa qeyri-adi dəstək
İngiltərənin “Çelsi” klubunun azarkeşləri “Eurovision-2009” musiqi yarışmasının axarına təsir etmək qərarına gəliblər. Apasport.az saytının məlumatına görə, britaniyalı fanatlar Azərbaycan təmsilçiləri Aysel Teymurzadə ilə Araşın da iştirak edəcəyi bugünkü yarımfinalın nəticələrinə müdaxilə etməkdə israrlıdırlar.

“Çelsi”nin azarkeşlərinin əsas məqsədləri yarımfinalın 19 iştirakçısından birini, daha doğrusu Norveç təmsilçisi Aleksandr Rıbakı yarışdan kənarlaşdırmaqdır. Birləşmiş Krallıq və Avropanın bütün futbol həvəskarlarına müraciət edən londonlular onları milliyyətcə belaruslu Rıbakın əleyhinə səs verməyə çağırıblar. Məsələ burasındadır ki, sözügedən müğənni “Eurovision-2009”da Norveçin şərəfini qoruyacaq. Özü də Norveç müsabiqənin favoriti hesab olunduğundan, Rıbak Aysellə Araşın əsas rəqiblərindən biridir. “Çelsi”nin fanatları isə bir həftə öncə baş verənlərə görə qəzəbləniblər. Onlar hesab edirlər ki, London klubunun Çempionlar Liqasının yarımfinalında “Barselona” ilə görüşdə düçar olduğu uğursuzluğa norveçli hakim Tom Henninq Evrebe səbəbkardır. İndi britaniyalı azarkeşlər hakimin heyfini Rıbakdan çıxmaq istəyirlər.

Məhz buna görə də “Çelsi” rəsmiləri və fanatları Rıbakın rəqiblərinə, o cümlədən Aysellə Araşa səs verəcəklər. Azarkeşlərin bu kampaniyasına futbolçuların da qoşulacağı gözlənilir. Belə olan halda, Didye Droqba və Mixael Ballakın da bizimkilərə səs verəcəyini ehtimal etmək olar. Nəzərə almaq lazımdır ki, Ballakın həmyerlisi Berti Foqts Azərbaycan yığmasını çalışdırır və bu amil də 33 yaşlı yarımmüdafiəçidə ölkəmizə qarşı simpatiya yarada bilər.

Qeyd edək ki, Norveç də Azərbaycan kimi, “Eurovision-2009” müsabiqəsinin yarımfinalında bu gecə mübarizə aparacaq.
0