Tuqay da belə getdi... – FOTO
25.05.2009 - 14:54
Tuqay da belə getdi... – FOTO
Türkiyəli Tuqay Kərimoğlu peşəkar futbolçu karyerasını rəsmən başa vurub. Apasport.az saytının məlumatına görə, 39 yaşlı yarımmüdafiəçi son matçına İngiltərənin “Bləkbörn” klubunun formasında çıxıb.

“Bləkbörn” rəhbərliyinin qaydalarına əsasən, hər hansısa futbolçu bu komandanın şərəfini 10 ildən az qoruyarsa, onun üçün vida matçı keçirilmir. Bu səbəbdən Tuqaya vida görüşü təşkil olunmayıb. Türk futbolçu Premyer Liqanın son turunda “Vest Bromviç”lə qarşılaşmada futbolla vidalaşıb.

32 min tamaşaçının “Evuud Park” stadionunda izlədiyi matç Kərimoğlu üçün yubiley tədbiri kimi möhtəşəm alınıb. Oyundan əvvəl azarkeşlərə Tuqayın üz maskaları paylanılıb. Onlar 8 il “Bləkbörn”ə xidmət etmiş veteran futbolçuya tük bayraqlarını və maskaları yellədərək, onunla vidalaşıblar. Yarımmüdafiəçi mətbuat nümayəndələri ilə görüşə hazırlaşmaq üçün oyunun 85-ci dəqiqəsində əvəzlənib.

Xatırladaq ki, Tuqay peşəkar karyerası ərzində 3 klubda çıxış edib. 1987-ci ildən 1999-cu ilədək “Qalatasaray”da oynamış Kərimoğlu bu müddətdə 6 dəfə çempion, 4 dəfə kubokun qalibi olub. O, 2000-ci ilin yanvarında “Qlazqo Reyncers”ə (Şotlandiya) keçib. Növbəti ildə isə “Bləkbörn”la müqavilə imzalayıb.

Tuqay Türkiyə yığmasında 17 ildə (1990-2007-ci illər) 94 oyuna 2 qol vurub. Yarımmüdafiəçi 2002-ci ildə keçirilmiş dünya çempionatında bürünc mükafat qazanıb. Həmin çempionatın seçmə mərhələsində isə Azərbaycan milli komandasına qarşı forma geyinib.
0