Azərbaycan çempionatında daha bir əcnəbi baş məşqçi
27.05.2009 - 12:21
Azərbaycan çempionatında daha bir əcnəbi baş məşqçi
Bakının voleybolçu qadınlardan ibarət “Rabitə” klubuna yeni baş məşqçi təyin olunub. Apasport.az saytının məlumatına görə, bundan sonra komandanı polşalı Çeslav Tobolski çalışdıracaq. O, baş məşqçi postunda Yuri Loktevi əvəzləyib.

Vaxtilə Polşanın tanınmış “Kaliş” klubuna rəhbərlik etmiş Tobolski ilə birillik müqavilə imzalanıb. Polşalı məşqçi “Rabitə” ilə bağlı təəssüratlarını bölüşüb: “Hər şeydən əvvəl klub rəhbərliyinin öz işinə münasibəti mənim xoşuma gəldi. Bakıya gəlib, “Rabitə” rəsmiləri ilə söhbətləşəndə anladım ki, burada çox yaxşı insanlar çalışırlar. “Rabitə”nin Azərbaycan çempionatında oyununu izləmişəm. Heyətdə yer alan qızları bəyənmişəm”.

Tobolski hazırda komandanın gücləndirilməsi istiqamətində işlər aparıldığını söyləyib: “İndi mən voleybolçu axtarışı ilə fəal məşğulam. Belarusda və Polşada axtarışlar aparmışam. Polşadan Milena Rosnerlə danışığım olub. Düzdür, o, mənə təklif barədə düşünəcəyini dedi. Məsələ burasındadır ki, bu vaxta qədər Azərbaycanda polşalı voleybolçu oynamayıb. Buna görə də, Milena tərəddüd edir və burada ona çətin olacağını fikirləşir. Eyni zamanda, tezliklə digər polşalı Monika Nauşla da görüşəcəyəm. O, 189 sm-ə malik çox yaxşı oyunçudur. Bu il də olmasa, gələn mövsüm komandamızda polşalı voleybolçu mütləq olacaq”.

Əcnəbi çalışdırıcı qarşıya qoyulan məqsədlərdən də söz açıb. Tobolski vurğulayıb ki, “Rabitə” gələn il avrokubokların yarımfinaladək irəliləyəcək: “Mən klub prezidentinə dedim ki, komanda rəhbərliyin, azərbaycanlı azarkeşlərin, voleybolçuların özlərinin xoşuna gələcəyi səviyyədə oyun göstərməlidir. Amma indidən deyə bilmərəm ki, biz avrokuboklarda 1-ci, 2-ci və ya 10-cu yeri tutacağıq. Təbii ki, qitə miqyaslı yarış mövzusuna ayrıca toxunduq. “Rabitə” avrokuboklarda yarımfinala qədər irəliləməlidir”.

Qeyd edək ki, “Rabitə” ötən mövsüm “Çelenc Kuboku” turnirinin 1/4 final mərhələsində “Albasete”yə (İspaniya) uduzaraq, mübarizəni dayandırmışdı.

Mənbə: extratime.az
0