Terimin əli Azərbaycanla oyun ərəfəsində gipsdə
27.05.2009 - 16:45
Terimin əli Azərbaycanla oyun ərəfəsində gipsdə
Türkiyə milli komandasının baş məşqçisi Fatih Terim bu gün xəstəxanadan buraxılıb. Apasport.az saytının məlumatına görə, mayın 17-də dənizdə kater sürmək istəyərkən, barmağı daşla kəndir arasında qalaraq qopan 56 yaşlı çalışdırıcı xəstəxanada 10 gün müalicə olunub.

Öncə Terimin sağ əlinin qopmuş orta barmağı yerinə tikilib. Bu gün isə “İmperator” ləqəbli məşqçi 10 günlük müalicənin ardından “Acıbadem” xəstəxanasından buraxılıb. O, xəstəxanadan həyat yoldaşı Fulya Terim və qızları ilə birgə ayrılıb. Sağ əli gipsdə olan çalışdırıcı mətbuat nümayəndələrinə özünü yaxşı hiss etdiyin bildirib. Lazımi sualları isə həkiminin cavablandıracağını söyləyib.

Ardından Terimi əməliyyat etmiş həkim Ufuk Nalbəndoğlu mətbuat konfransı keçirib: “Mən heç vaxt belə yaralanma görməmişdim. Terim 100 mində bir şansla əməliyyata girdi. Sevindirici haldır ki, hər şey yaxşı qurtardı. Onun barmağında heç bir qısaltma aparılmayıb. Barmaq qopduğu kimi, yerinə tikilib. Buna görə də barmaqda fiziki cəhətdən dəyişiklik yoxdur”.

Nalbəndoğlu bildirib ki, barmağın işləməsi üçün müalicədən çox şey asılıdır: “Əməliyyat işin yarısıdır. Qalan yarı isə müalicədən asılıdır. Əgər müalicəyə diqqət yetirərsə, Terimin barmağı fəaliyyət göstərəcək”.

Amma “İmpertaor”un iyunun 2-də Kayseridə Azərbaycana qarşı keçiriləcək yoldaşlıq görüşündə iştirak edib-etməyəcəyi bilinmir. Çünki məşqçinin əli gipsdən gələn ayın ortalarında açılacaq: “Terimin əli gipsdən 3-4 həftədən sonra azad olunacaq. 2-3 ay ərzində isə əlini tam sərbəst işlədə biləcək”.
0