“Zəfər” turnirində daha 4 medal
01.06.2009 - 10:10
“Zəfər” turnirində daha 4 medal
Türkiyənin İzmir şəhərində yunan-roma və sərbəst güləş üzrə yeniyetmələr arasında sayca 12-ci dəfə keçirilən “Zəfər” turnirinə yekun vurulub. Güləş Federasiyasının mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, yarışın son günü idmançılarımız daha 4 medal qazanıblar.

Yunan-Roma növündə 50 kq çəki dərəcəsində mübarizə aparan Eldəniz Əzizli keçirdiyi bütün görüşləri qələbə ilə başa vuraraq çempion olub. O, finalda yerli idmançı İbrahim Çelikeri məğlubiyyətə uğradıb. 85 kq-da Süleyman Babayev bürünc medal qazanıb.

Sərbəst növdə isə 63 kq-da çıxış edən Ruslan Şükürov finaladək irəliləsə də, həlledici görüşdə Türkiyə güləşçisi Mustafa Kayaya uduzub və 2-ci yeri tutub. Eyni sözləri 85 kq-da çıxış edən Elcan Usubzadəyə də aid etmək olar. O, finalda rus Albert Tsipinova məğlub olub.

Komanda hesabında yunan-Roma növündə Azərbaycan 63 xalla 2-ci, sərbəst növdə isə 67 xalla 3-cü olub.
0