Nicat Şıxəlizadə: Bu, mənə qarşı təxribat idi - MÜSAHİBƏ
02.06.2009 - 14:02
Nicat Şıxəlizadə: Bu,  mənə qarşı təxribat idi - MÜSAHİBƏ
4 il müddətinə cəza alan cüdoçu Nicat Şıxəlizadənin Lent.az-a müsahibəsi

2007-ci il iyulun 2-dən 9-dək Belarusun paytaxtı Minskdə keçirilmiş beynəlxalq təlim-məşq toplantısı zamanı cüdo üzrə Azərbaycan milli komandasının üzvü Nicat Şıxəlizadədən dopinq-test götürüldü. Ümumdünya Antidopinq Agentliyinin (WADA) nümayəndələri tərəfindən aparılan analiz nəticəsində 60 kq çəkidə çıxış edən cüdoçumuzun orqanizmindən istifadəsi qadağan olunmuş fulosemid preparatı tapıldı. 2005-ci ildə gənclər arasında təşkil olunan Avropa çempionatında da dopinq-testdən keçə bilməyən Şıxəlizadə 1 il müddətinə cəzalandırılmışdı. İkinci dəfə eyni xoşagəlməz halla üzləşdiyi üçün idmançımız daha ağır cəzaya – 4 illik diskvalifikasiyaya məruz qaldı. Nəticədə ən perspektivli cüdoçularımızdan biri 2008-ci il Pekin Yay Olimpiya Oyunlarını buraxmalı oldu. Əks halda, 60 kq çəkidə gənclər arasında dünya çempionu, böyüklər arasında isə dünya çempionatının bürünc mükafatçısı Nicat Şıxəlizadənin olimpiadada Elnur Məmmədli və Mövlud Mirəliyevdən sonra ölkəmizin aktivinə daha bir medal yazdırmaq şansı var idi.

Cəza müddəti 2011-ci ilin yayında başa çatacaq 21 yaşlı cüdoçumuz Lent.az-a müsahibəsində bir sıra məsələlərlə bağlı fikirlərini bölüşüb:

- Cəza müddətində cüdodan aralanmamısan?
- Cəzalı olsam da, yığma komanda ilə birgə, eləcə də təhsil aldığım Respublika Olimpiya İdman Litseyində gündəlik məşqlərimi davam etdirirəm. Eyni zamanda Azərbaycan daxilində keçirilən təlim-məşq toplantılarına da qatılıram.

- Digər növlər üzrə yığma komandalarımızdakı kimi, cüdoda da legionerlərə ehtiyac varmı?
- Məncə, cüdoda legionerlərə ehtiyac yoxdur. Hər çəkidə liderlərimiz var. İndiyədək buna ehtiyac duyulmayıb, bundan sonra da kənardan cüdoçunun dəvət olunmasına lüzum görmürəm.

- Amma bu yaxınlarda Gürcüstanın paytaxtı Tbilisidə başa çatan Avropa çempionatı yığmamızda ehtiyat qüvvənin zəif olduğunu göstərdi…
- Düzdür, ehtiyat qüvvə zəifdir. Amma komandanın hazırlığından da çox şey asılıdır. Hazırlıq səviyyəsinin də böyük rolu var.

- Yəni, millimizin hazırlıq səviyyəsi də aşağı idi?
- Hər halda idmançının hazırlığı yaxşı olarsa, nəticə də yaxşı olar. Komandada nəyin çatışmadığını yığmamızın üzvləri daha yaxşı bilər.

- Ehtiyat qüvvənin zəifliyini nə ilə izah edərdin?
- Yeniyetmə və gənc cüdoçular arasında səviyyəli və perspektivlilər var. Amma onlar böyüklərin mübarizəsində çıxış etmək üçün hələ tam yetişməyiblər. Yəqin ki, yaxın illərdə onlar böyüklər arasında da özlərini göstərə biləcəklər.

- Hazırda Azərbaycanda cüdonun vəziyyətini necə dəyərləndirərdin?
- Yaxşı. Yəni, nəticələrimiz pis deyil. Pekin olimpiadasında cüdoçularımızdan Elnur Məmmədlinin qızıl, Mövlud Mirəliyevin isə bürünc medal qazanması cüdonun real durumundan xəbər verir.

- Millimizin olimpiadadakı çıxışından razısan?
- Pekində Elnurla Mövludun qazandığı medallar çox sevindirici oldu. Medallar daha çox ola bilərdi. Amma bir qızıl, bir bürünc medal da pis deyil. Bu nəticələr yeniyetmə və gənclər arasında cüdoya daha böyük həvəs yaratdı, axını çoxaltdı.

- Həmin vaxt olimpiadada olsaydın, medal qazana bilərdin?
- Əlbəttə, medalçılar sırasında mən də özümü görürdüm. Çünki buna hazır idim. Nə deyim, yəqin qismət beləymiş.

- Qismət belə idi, yoxsa…
- Olimpiada öncəsi orqanizmimdən istifadəsi qadağan olunan maddənin tapılması mənə qarşı təxribat idi. Yəqin ki, rəqib ölkələr tərəfindən. Burada mənlik bir şey yox idi.

- Əvvəllər də bir dəfə cəzalandırılmışdın. İkinci dəfə dopinq-testdə ilişmə təhlükənin olduğu nəzərə alınmadan, Belarusun paytaxtı Minskə təlim-məşq toplantısına aparılmağın nə dərəcədə məqsədəuyğun idi?
- Burada yanlış addım görmürəm. Təlim-məşq toplantısında iştirak etmək lazım idi. Minskə yalnız dizindən zədəsi olan Elnur Məmmədli aparılmamışdı. Toplanış zamanı WADA nümayəndələri hər ölkə yığmasının iki idmançısından analiz götürmək istədiklərini bildirdilər. Baş məşqçimiz Ağayar Axundzadə komandamızdan iki cüdoçunu göndərdi. Lakin WADA təmsilçiləri onları qaytardılar. Yığmamızın siyahısına baxdıqdan sonra məni seçdilər. Mən də özümə arxayın halda gedib analizimi verdim.

- Sən özünə arxayın idinsə, niyə baş məşqçiniz dopinq-testdən keçməyə başqalarını göndərdi?
- Çünki WADA nümayəndələri hər ölkədən iki idmançının analiz verməsini istəyirdilər. Həmin vaxt mən güləşirdim. Ağayar müəllim qısa istirahətdə olanları göndərdi. Amma WADA nümayəndələri onların yox, məhz mənim analiz verməli olduğumu bildirdilər.

- Cəza müddətin 4 ilədək nəzərdə tutulub. Yeni nəsil cüdoçularının hazırlığı ilə məşğul olmağı düşünmürsən?
- Bu il Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirəcəyəm. Hələlik məşqçilik haqda düşünmürəm. Çünki özüm də məşq edirəm.

- Cəza müddətinin qısaldılması gündəmdədir?
- Hələ bu barədə söhbətlər yoxdur. Varsa da, mənə bir söz deyilməyib, xəbərim yoxdur. Mən, sadəcə, cəzamın başa çatmasını gözləyirəm. O vaxtadək formamı saxlamaq üçün hər gün məşq edirəm.

- Hər halda Beynəlxalq Cüdo Federasiyasının rəhbərliyi ilə müəyyən danışıqlar aparılıb…
- Düzdür, danışıqlar olub. Mən də istərdim ki, cəzamı yüngülləşdirsinlər. Artıq iki ildir ki, yarış üzü görmürəm. Yenidən yarışlara qatılmaq üçün cəza müddətimin bitməsini gözləyirəm. Tatamiyə nə qədər gec qayıtsam, mənə daha çox ziyandır. Turnirlərdən uzun müddət kənarda qalmağım passivləşməyimə gətirib çıxara bilər. Yalnız ölkədaxili təlim-məşq toplantıları və öz üzərimdə işləməklə kifayətlənirəm.
0