“Bakı” Primeroda qol vuran Meksika yığmasının forvardını almaq istəyir
03.06.2009 - 15:00
“Bakı” Primeroda qol vuran Meksika yığmasının forvardını almaq istəyir
Türkiyə Superliqasında oynayan üç futbolçu “Bakı” klubuna təklif olunub. Bu haqda apasport.az saytına paytaxtın eyniadlı komandasının vitse-prezidenti Tunc Afşar məlumat verib. Onun sözlərinə görə, braziliyalılar Tita, Jaba və meksikalı Antonio De Niqrisin transferi ilə bağlı onlara müraciət edilib.

Antonio ilə Jaba son mövsümdə “Ankaragücü”, Tita isə “Antalyaspor”da forma geyinib. Onlar vaxtilə Superliqada “Ankaraspor”da da oynayıblar. Hazırda vətəni Türkiyədə olan Afşar hər üç futbolçunun menecerinin eyni şəxs olduğunu bildirib: “Həmin FİFA agenti “Qarabağ”ın albaniyalı müdafiəçisi Admir Teli ilə də əməkdaşlıq edir. Jaba, Tita və De Niqrisin Superliqada oyun təcrübəsi böyükdür. Onların agenti ilə ilkin danışığımız olub və bu futbolçular bizə təklif edilib. Bizə cəld, sürətli hücumçular, eyni zamanda oyun qurucusu lazımdır. Üstəlik, onların öz klubları ilə müqavilələri bitib, sərbəstdirlər. Hazırda özlərinə yeni komanda axtaran Jaba, Tita və De Niqris münasib şərtlər müqabilində Azərbaycanda oynamağa razılığını verə bilərlər”.

31 yaşlı De Niqris milli komandasında 20 matç keçirib. 1,86 metr boya malik Antonio 2003-cü ildə İspaniyanın “Vilyareal” klubunda oynayıb və 15 görüşdə 2 qol vurub. Meksika milli komandasının heyətində 2002-ci ildə CONCACAF-ın qalibi olub, bundan bir il öncə isə Amerika kubokunda gümüş medal qazanıb.

“Futbol kralı” Pelenin vaxtilə çıxış etdiyi Braziliyanın “Santos” klubunun da formasını geyən hücumçu 2006-cı ildən Türkiyədədir. De Niqris ilk iki mövsümdə “Qaziantepspor”un şərəfini qoruyub. Ötən mövsümün ilk dövrəsini “Ankaraspor”da keçirən Antonio qış fasiləsində “Ankaragücü”yə keçib.

Tita ilə Jaba həmyerli olmaqla yanaşı, eyni zamanda həmyaşıd (28 yaş) və eyni boya (1,65 metr) malikdir. “Ankaraspor”da birgə çıxışı ilə tanınan cütlük artıq başqa klubların şərəfini qoruyur. Jabanın hələ qış fasiləsində adı “Bakı” ətrafında hallanırdı.
0