Türklər zarafatlarından qalmadılar: Yahşi futbol elbet
04.06.2009 - 12:00
Türklər zarafatlarından qalmadılar: Yahşi futbol elbet
İyunun 2-də Kayserinin “Kadir Has” stadionunda keçirilmiş Türkiyə - Azərbaycan (2:0) matçı ilə bağlı proqram hazırlanıb. Apasport.az saytının məlumatına görə, 30 səhifədən ibarət proqramda həm Türkiyə, həm də Azərbaycan futbol haqqında məqalələr yer alıb. Bizə Azərbaycan futboluna dair yazılar maraqlı olduğundan, məhz bu hissəyə toxunacağıq.

Futbolumuzun tarixindən yazan türklər bir neçə səhvə yol veriblər. Məsələn, onlar milli komandamızın 1993-cü ildə Gürcüstana qarşı keçirdiyi ilk beynəlxalq oyunda qələbə qazandığını düşünürlər: “Azərbaycan yığması müstəqillik dönəmində birinci matçda Gürcüstana 3:1 hesabı ilə qalib gəlib”. Halbuki, həmin qarşılaşmada gürcülərə 3:6 hesabı ilə uduzmuşuq. Bundan başqa, Tofiq Bəhramov adına Respublika stadionunun adı “Tevfik Bahramov Stadı” kimi qeyd olunub.

Proqramda milli komandamızın kapitanı, Türkiyənin “Kocaelispor” klubunun şərəfini qoruyan Rəşad Sadıqovla müsahibə dərc edilib. Özü də Rəşadın təqdimatı zamanı 3 il əvvəl yaşanan olay xüsusi vurğulanıb: “O, transfer üçün ayrılan vaxt başa çatdığından, 2006-cı ildə keçmiş klubu “Neftçi”nin heyətində bir müddət forma geyinə bilməyib. Buna görə də Rəşad fiziki formasını qorumaq üçün Azərbaycan basketbol çempionatında oynayıb”.

Ən maraqlı məqam isə türklərin bizimlə növbəti dəfə zarafat etmələridir. Qardaş ölkənin nümayəndələri bizim işlətdiyimiz “yaxşı” sözünə ilişiblər. “Yahşi futbol elbet” başlıqlı yazıda “iyi” sözünün əvəzinə “yaxşı” sözünün türk ləhcəsinə uyğun variantı işlədilib: “2006-cı ildə Türkiyə yığmasının Bakıda keçirdiyi matç, azərbaycanlı qardaşlarımızın təbirincə desək, yahşi bir sınaq oyunu oldu”.
0