“Demyanenko daha çox sprinter kimi tanınıb” - FOTO
05.06.2009 - 17:20
“Demyanenko daha çox sprinter kimi tanınıb” - FOTO
Ötən ay Polşanın Poznan şəhərində keçirilmiş Dünya Kubokunun II mərhələsində 2 gümüş, 1 bürünc medal qazanan Azərbaycan kanoeçiləri Valentin Demyanenko və Sergey Bezuqlıy - Maksim Prokopenko dueti növbəti ciddi sınaqdan keçməli olacaqlar. Apasport.az saytının məlumatına görə, kanoeçilərimiz iyunun sonlarında Almaniyanın Brandenburq şəhərində keçiriləcək Avropa çempionatında mübarizə aparacaqlar.

Hazırda idmançılarımız Poznan şəhərindən 60 km qərbdə yerləşən Lonjiçki avarçəkmə bazasında kayak və kanoe üzrə milli komandamızın baş məşqçisi Aleksandr Kolıbelnikovun rəhbərliyi altında təlim-məşq toplantısındadırlar. Kolıbelnikov Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidmətinə açıqlamasında hazırlıq prosesindən və onlar üçün yaradılan şəraitdən razılığını bildirib: “Burada hər gün 5 saatadək məşq edirik. Federasiyamızın rəhbərliyinin köməyi sayəsində müasir tipli qayıqlar və avarlarla təchiz olunmuşuq. İlk günlərdə hava şəraiti normal idi. Son günlər bir qədər yağışlı hava müşahidə edildiyindən, zalda xüsusi qurğu olan konseptlə məşğul oluruq”.

Dünya Kubokunun II mərhələsində Valentin Demyanenko 1 nəfərlik qayıqla 500 metrlik məsafəyə yürüşdə gümüş medala layiq görülüb. 1000 metrlik məsafəni isə o, 14-cü pillədə başa vurub. 2 nəfərlik qayıqda yer alan Sergey Bezuqlıy – Maksim Prokopenko dueti 1000 metrlik məsafəni gümüş, 500 metrlik məsafəni bürünc medalla tamamlayıb. Baş məşqçi kanoeçilərimizin bu il qatıldıqları ilk beynəlxalq yarışda qənaətbəxş nəticə göstərdiklərini açıqlayıb: “Əldə etdiyimiz 3 medal gələcək yarışlar haqda nikbin düşünməyə əsas verir. Demyanenko daha çox sprinter kimi tanınıb. O, əvvəllər 200 metr və 500 metr məsafələrə yürüşlərdə yüksək nəticələr göstərib. 1000 metr məsafəyə yürüş isə Valentin üçün ilk sınaq idi. Ona görə də Dünya Kubokunda 500 metr məsafəyə yürüşdə gümüş medal qazanan Demyanenkonun 1000 metrlik məsafəni 14-cü pillədə başa vurmasını birinci dəfə üçün normal qiymətləndirmək olar. Amma olimpiya növlərinin proqramına yalnız 500 metr və 1000 metrlik məsafələrə yürüşlər salınıb. Ona görə də Demyanenkonun 1000 metrlik məsafədə də uğurla çıxış etməsinə nail olmaq üçün çalışırıq”.

Təcrübəli mütəxəssis Dünya Kubokunun II mərhələsinə qatılmayan kanoeçilərdən Macarıstan, Ukrayna və Rusiya təmsilçilərini qarşıdakı Avropa çempionatında idmançılarımıza əsas rəqib qismində gördüyünü vurğulayıb: “2008-ci il Pekin Yay Olimpiya Oyunlarında 500 metrlik məsafəyə 1 nəfərlik qayıqla yürüşdə rusiyalı Maksim Opalev qızıl, ukraynalı Yuri Çeban isə bürünc medal qazanmışdı. 1000 metrlik məsafəyə 1 nəfərlik qayıqla yürüşdə isə macarıstanlı Şandor Atilla Vayda olimpiya çempionu olmuşdu. 2 nəfərlik qayıqda isə Rusiyadan olan Sergey Ulegin – Aleksandr Kusteqlod dueti olimpiadada 500 metrlik məsafəyə yürüşdə gümüş medala yiyələnmişdi. Dünya Kubokunun II mərhələsində məhz bu kanoeçilər iştirak etmirdi. Amma onlar Avropa çempionatına, çox güman ki, qatılacaqlar. Buna görə də Poznanda dünya kanoeçiləri ilə mübarizədə 2 gümüş, 1 bürünc medal qazanan idmançılarımızın Avropa çempionatında daha yaxşı çıxış edəcəklərini söyləmək çətindir. Hər halda, çalışacağıq ki, bizə göstərilən etimadı layiqincə doğruldaq”.

Avropa çempionatında kanoeçilərimizin uğurlu çıxışlarının bir sıra amillərdən asılı olacağını deyən Kolıbelnikov yetirmələrindən mübarizlik və yüksək hazırlıq gözlədiyini açıqlayıb. Onun fikrincə, yüksək nəticə göstərmək üçün idman xoşbəxtliyi və idmaçılarımızın hansı cığırla hərəkət etməsi də mühüm rol oynayacaq: “Küləkli hava şəraitində daha çox sahilə yaxın qayıqların hərəkəti üçün maneçilik yaranır. Buna görə də püşkün nəticəsindən də çox şey asılıdır. Eyni zamanda, psixoloji hazırlığın da böyük rolu olacaq”.

Yığma komandamız iyunun 23-dək hazırlığını Polşada davam etdirəcək. Ertəsi gün isə kanoeçilərimiz qonşuluqdakı ölkəyə - Almaniyaya yollanacaqlar.

amaf.az
0